


Azərbaycançılıq ideologiyası xalqımızın milli birliyinin və dövlət müstəqilliyinin ideoloji əsaslarındandır - ŞƏRH
Bakı, 30 oktyabr, AZƏRTAC
Milli ideya hər bir xalqın tarixi inkişafında mühüm rol oynayan amillərdən biridir. O, xalqı birləşdirən, onun gələcəyə baxışını formalaşdıran ortaq dəyərlərin, tarixi konsepsiyaların, məqsəd və idealların məcmusudur. İnsanlar bu dəyərlər ətrafında birləşərək ümumi məqsədlərə nail olmaq üçün mübarizə aparır, milli ideyanın gerçəkləşməsinə töhfə verirlər.
Lakin tarix göstərir ki, hər bir milli ideya xalqın inkişafına və rifahına xidmət etmir. Bəzən cəmiyyətlərə təlqin olunan əsassız ərazi iddiaları və siyasi ambisiyalar xalqları fəlakətlərə sürükləyir. Ermənistanda uzun illər təbliğ edilən “dənizdən-dənizə böyük Ermənistan” ideyası buna bariz nümunədir. Bu ideya erməni xalqının rifahına, dövlətinin güclənməsinə xidmət etmək əvəzinə, onu münaqişələrə, işğalçılıq siyasətinə və ağır nəticələrə sürükləyib.
Milli ideyadan siyasi hakimiyyət uğrunda mübarizə vasitəsi kimi istifadə edilməsi onun həqiqi mahiyyətinə uyğun gəlmir. Milli ideya, ilk növbədə, xalqın birliyinə, inkişafına və gələcəyinin təmin olunmasına xidmət etməlidir. Ermənistanın timsalında aydın görünür ki, qeyri-real ərazi iddiaları üzərində qurulan ideoloji konsepsiyalar uzunmüddətli perspektivdə iflasa məhkumdur. Regionun müasir geosiyasi reallıqları da göstərir ki, Xəzər dənizindən Qara dənizə qədər əraziləri əhatə edən dövlət qurmaq iddiası milli ideya deyil, siyasi avantüradır. Belə iddialar işğalçılığa, separatizmə, silahlı münaqişələrə və nəticə etibarilə terrorçuluğa zəmin yaradır.
Ötən əsrin sonlarında erməni cəmiyyəti məhz bu cür əsassız ideyaların təsiri altında Azərbaycanın Qarabağ bölgəsinin işğalına dəstək verdi. Lakin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra bu ideologiyanın real siyasi və sosial nəticələri bir daha üzə çıxdı. Məlum oldu ki, işğalçılıq siyasəti erməni xalqının milli maraqlarına deyil, müəyyən siyasi dairələrin və xarici qüvvələrin geosiyasi məqsədlərinə xidmət edib. Xaricdəki erməni diasporunun bəzi nümayəndələrinin hərbi-sənaye dairələri ilə əməkdaşlıq çərçivəsində münaqişənin alovlanmasında maraqlı olması da bu siyasətin mahiyyətini ortaya qoyan amillərdəndir.

Azərbaycançılıq xalqın tarixini, dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, dövlət müstəqilliyini və Vətənə bağlılığı özündə birləşdirən ideoloji sistemdir
Azərbaycan xalqının milli ideologiyasının formalaşmasında, milli kimliyinin qorunmasında və müstəqil dövlətçilik ənənələrinin möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri var. Ulu Öndərin siyasi fəaliyyətində xüsusi yer tutan azərbaycançılıq ideyası xalqımızın milli birliyinin və dövlət müstəqilliyinin ideoloji əsaslarından birinə çevrilib.
Azərbaycançılıq yalnız milli mənsubiyyəti ifadə edən anlayış deyil. Bu ideya Azərbaycan xalqının tarixini, dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, dövlət müstəqilliyini və Vətənə bağlılığını özündə birləşdirən bütöv ideoloji sistemdir. Ulu Öndər Heydər Əliyev azərbaycançılığı cəmiyyətin birliyini təmin edən, milli həmrəyliyi gücləndirən və müstəqil dövlətçiliyi möhkəmləndirən başlıca amillərdən biri kimi dəyərləndirirdi.
Ulu Öndərin məşhur kəlamı – “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – azərbaycançılıq ideyasının mahiyyətini dolğun şəkildə ifadə edir. Bu fikir milli kimliyə bağlılığın, Vətənə məhəbbətin və milli mənsubiyyətlə qürur duymağın parlaq təcəssümüdür.

Milli ideyanın uğuru onun real ictimai ehtiyaclara və tarixi-mədəni əsaslara söykənməsindən asılıdır
Tanınmış ingilis filosofu və sosioloqu, Kembric Universitetinin professoru, millətçilik və modernləşmə nəzəriyyəsinin görkəmli nümayəndəsi Ernest Qellner “Millətlər və millətçilik” əsərində millətçiliyin formalaşmasında sosial və tarixi amillərin rolunu təhlil edir. Onun yanaşmasından çıxış edərək demək olar ki, milli ideyanın uğuru onun real ictimai ehtiyaclara və tarixi-mədəni əsaslara söykənməsindən asılıdır. Qeyri-real siyasi ambisiyalar üzərində qurulan ideyalar cəmiyyətdə yalnız müvəqqəti dəstək qazana bilər.
Nasist Almaniyasında təbliğ olunan irqi üstünlük ideologiyası bunun ən faciəli nümunələrindən biridir. “Ari irqinin üstünlüyü” ideyası əsasında cəmiyyətin səfərbər edilməsi Almaniyanı və bütövlükdə dünyanı fəlakətə sürüklədi. Bu təcrübə göstərdi ki, milli ideya ayrı-seçkilik, üstünlük iddiaları və təcavüzkar siyasi məqsədlər üzərində qurulduqda xalqlar üçün ağır nəticələr doğurur.
Bunun əksinə olaraq, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyasının əsasında milli mənsubiyyətin və özünüdərkin qorunması, Azərbaycan dilinin inkişafı və dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin, adət-ənənələrin və mədəni irsin yaşadılması, dövlət müstəqilliyinin və suverenliyin qorunması, dünya azərbaycanlılarının birliyi və həmrəyliyinin gücləndirilməsi, eləcə də müxtəlif xalqlar və dini icmalar arasında qarşılıqlı hörmətin təşviqi dayanır.
Azərbaycançılıq ideyasının mühüm istiqamətlərindən biri xalqın milli-mənəvi irsinin qorunmasıdır. Ümummilli Lider Heydər Əliyev hesab edirdi ki, xalqın öz tarixinə, mədəniyyətinə, adət-ənənələrinə və mənəvi dəyərlərinə sahib çıxması milli kimliyin davamlılığını təmin edir. Ulu Öndər milli-mənəvi dəyərlərin qorunmasını müasir inkişafla və dünya birliyinə inteqrasiya ilə vəhdətdə nəzərdən keçirirdi. Bu baxımdan azərbaycançılıq həm tarixi irsə bağlılığı, həm də müasir dünyanın çağırışlarına uyğun inkişafı nəzərdə tutan ideoloji konsepsiyadır.

Azərbaycançılıq ideyasının əsas hədəflərindən biri müstəqil dövlətinin möhkəmləndirilməsi idi
Ümummilli Lider Heydər Əliyevin 1999-cu il oktyabrın 12-də Naxçıvanda söylədiyi nitqdə səsləndirdiyi “Mən fəxr edirəm ki, mənim doğma ana dilim, Azərbaycan dilim var” fikri də ana dilinin milli kimliyin qorunmasında oynadığı rola verdiyi yüksək qiymətin ifadəsidir.
Ulu Öndərin azərbaycançılıq ideyasının mühüm istiqamətlərindən biri də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vahid milli ideya ətrafında birləşdirilməsi idi. Bu məqsədlə 2001-ci il mayın 23-də Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzalandı. Həmin il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Dünyanın müxtəlif ölkələrindən gəlmiş soydaşlarımızın iştirak etdiyi qurultayda milli birlik və həmrəylik, diaspor təşkilatlarının fəaliyyəti, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərin qorunması məsələləri müzakirə olundu. Bu tarixi toplantı dünya azərbaycanlılarının təşkilatlanması və vahid ideya ətrafında birləşməsi istiqamətində mühüm mərhələ oldu.
Azərbaycançılıq ideyasının əsas hədəflərindən biri də müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi idi. 1993-cü ildə ölkəmizdə mürəkkəb siyasi və ictimai vəziyyətin hökm sürdüyü bir dövrdə Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlət quruculuğu prosesində yeni mərhələnin başlanğıcını qoydu. Ulu Öndərin rəhbərliyi ilə siyasi sabitliyin təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Əsas Qanunun hazırlanması Heydər Əliyevin sədrliyi ilə fəaliyyət göstərən Konstitusiya Komissiyasına həvalə olunmuşdu. Konstitusiyanın preambulasında Azərbaycan xalqının dövlətçilik ənənələrinin davam etdirilməsi, dövlət müstəqilliyinin və suverenliyin qorunması, hüquqi və demokratik dövlət qurulması kimi fundamental prinsiplər öz əksini tapdı. Beləliklə, azərbaycançılıq ideyası dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi və vahid Vətən anlayışının möhkəmləndirilməsi ilə sıx bağlı oldu.
Bütün bunlar göstərir ki, milli ideyanın gücü onun hansı dəyərlərə söykənməsindən və hansı məqsədlərə xidmət etməsindən asılıdır. Təcavüzkar ərazi iddialarına, separatizmə və siyasi avantüralara əsaslanan ideyalar xalqları qarşıdurmaya sürüklədiyi halda, azərbaycançılıq kimi birləşdirici və qurucu ideologiyalar cəmiyyətin həmrəyliyini gücləndirir, dövlətin inkişafına və milli maraqların qorunmasına xidmət edir.
Azərbaycan xalqı azərbaycançılıq ideyasının birləşdirici gücünü 44 günlük Vətən müharibəsində bir daha nümayiş etdirdi. Məhz milli birlik, həmrəylik, Vətənə bağlılıq və dövlətçilik ideallarına sədaqət xalqımızı Zəfərə aparan əsas amillərdən oldu. Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı tarixi Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi. Bu Zəfər bir daha təsdiqlədi ki, xalqı birləşdirən, milli maraqlara və dövlətçilik ənənələrinə söykənən ideya hər bir cəmiyyətin ən böyük güc mənbəyidir.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq ideyası bu gün də xalqımızın milli birliyinin, dövlət müstəqilliyimizin və suverenliyimizin ideoloji dayaqlarından biri olaraq qalır.
Müəllif - Rabil Kətanov