


Milli İncəsənət Muzeyində tanınmış rəssam Aydan Salahovanın “Qız qalası” adlı fərdi sərgisi açılıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyində tanınmış rəssam Aydan Salahovanın “Qız qalası” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi indi duy” mədəniyyət festivalı çərçivəsində təqdim olunub.
“Qız qalası” layihəsi Azərbaycan mədəniyyətinin yaddaşında xüsusi yer tutan bir obrazın müasir sənət kontekstində yenidən düşünülməsini təqdim edir.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova AZƏRTAC-a açıqlamasında qeyd edib ki, layihə tarix, mif, yaddaş və müasirlik arasındakı əlaqəyə diqqət yönəldərək, bizə miras qalan hekayələrin dəyişməz olmadığını, zaman keçdikcə yeni baxışlar və mənalar qazana biləcəyini göstərir.
“Aydan Salahovanın yaradıcılığında heykəltaraşlıq və rəngkarlıq əsas sənət sahələri kimi önə çıxır. “Qız qalası” layihəsində bu iki sənət növünün məkanla əlaqələndirilməsi sərginin konseptual bütövlüyünü formalaşdırır. Ekspozisiya məkanı və təqdim olunan əsərlər tamaşaçıya tanış mədəni obrazı yeni emosional və vizual müstəvidə kəşf etmək imkanı verir”,- deyə Ş.Məlikova əlavə edib.
Sərgi yanvarın 30-dək davam edəcək.