×
A
A
A
Sazlamalar

Vətən müharibəsi şəhidi Rəşad Quliyevin ailəsi ziyarət edilib

Bakı, 30 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Rəşad Quliyevin ailəsini ziyarət edib, şəhidimizin övladları Dərya və İnci ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, ziyarət zamanı şəhidimizin Vətənə olan bağlılığından, hərbi xidmət dövründən və döyüş yolundan bəhs edilib. Qeyd olunub ki, o, 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib.
Rəşad Quliyev Vətən müharibəsi zamanı Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Faiq Ağayev şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad edildiyini, onların ailələrinin və övladlarının dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb.
Qeyd edək ki, şəhidin ailəsi müvafiq sosial dəstək tədbirləri ilə əhatə olunub, həmçinin ailəyə sosial ödənişlər təyin edilib. Şəhidimizin yoldaşı nazirlik tərəfindən Xocəsən qəsəbəsində yerləşən yeni yaşayış kompleksində tam təmirli mənzillə təmin olunub.

Cəmiyyət 2026-10-30 12:30:00