


Xəzərdən keçən fiber-optik kabel xətti Azərbaycanın rəqəmsal tranzit imkanlarını genişləndirəcək RƏY
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycanla Qazaxıstan arasında strateji müttəfiqlik münasibətləri siyasi dialoqla yanaşı, iqtisadiyyat, nəqliyyat, logistika və rəqəmsal texnologiyalar sahələrində də inkişaf edir. Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik kabel xətti iki ölkənin əməkdaşlığında yeni mərhələ olmaqla yanaşı, regionun rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihə Azərbaycanın Avropa ilə Asiya arasında rəqəmsal əlaqələrin inkişafında mövqeyinin güclənməsinə və Orta Dəhlizin imkanlarının genişlənməsinə töhfə verəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) aparıcı məsləhətçisi Vüsal Quliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan Avropa ilə Asiya arasında nəqliyyat və logistika əlaqələrinin inkişafında mühüm mövqeyə malik dövlətlərdir. Orta Dəhlizin əhəmiyyətinin artdığı indiki şəraitdə iki ölkə arasında rəqəmsal infrastrukturun gücləndirilməsi onların regional tranzit imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Xəzər dənizindən keçən fiber-optik kabel xətti qitələrarası məlumatların daha sürətli və etibarlı ötürülməsinə şərait yaratmaqla yanaşı, rəqəmsal iqtisadiyyatın inkişafına, elektron ticarətin genişlənməsinə və dövlətlərarası informasiya mübadiləsinin təkmilləşdirilməsinə töhfə verəcək.
Layihənin əhəmiyyəti yalnız Azərbaycan-Qazaxıstan əməkdaşlığı ilə məhdudlaşmır. Rəqəmsal bağlantıların inkişafı Orta Dəhlizin ənənəvi nəqliyyat marşrutu çərçivəsindən kənara çıxaraq fiziki və rəqəmsal infrastrukturu birləşdirən çoxşaxəli tranzit şəbəkəsinə çevrilməsi üçün yeni imkanlar yaradır. Bu, yükdaşımaların rəqəmsal izlənməsi, gömrük prosedurlarının sadələşdirilməsi, logistika əməliyyatlarının optimallaşdırılması və məlumat mübadiləsinin sürətləndirilməsi baxımından əhəmiyyətlidir.
Rəqəmsal inteqrasiya Türk dünyasında iqtisadi əməkdaşlığı genişləndirir
Ekspertin fikrincə, rəqəmsal infrastrukturun inkişafı nəqliyyat dəhlizlərinin səmərəliliyini artırmaqla yanaşı, region ölkələri arasında iqtisadi əlaqələrin daha sıx qurulmasına imkan verir. Müasir logistika sistemlərində məlumatların operativ ötürülməsi, daşımalar haqqında informasiyanın əlçatanlığı və rəqəmsal xidmətlərin əlaqələndirilməsi rəqabət qabiliyyətinin əsas amillərindəndir. Bu baxımdan Xəzər üzərindən rəqəmsal bağlantının gücləndirilməsi Azərbaycanın və Qazaxıstanın beynəlxalq nəqliyyat marşrutlarındakı mövqelərini daha da möhkəmləndirir. Azərbaycan-Qazaxıstan əməkdaşlığının dərinləşməsi Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində rəqəmsal inteqrasiyanın inkişafına müsbət təsir göstərə bilər. Üzv dövlətlər arasında rəqəmsal infrastrukturun əlaqələndirilməsi, elektron sənədlərin qarşılıqlı tanınması, rəqəmsal gömrük sistemlərinin uzlaşdırılması və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi regional iqtisadi inteqrasiyanın yeni istiqamətlərini formalaşdıra bilər. Rəqəmsal inteqrasiyanın genişləndirilməsi türk dövlətləri arasında ticarət və tranzit əməliyyatlarının sadələşdirilməsi, biznes əlaqələrinin inkişafı və dövlətlərarası məlumat mübadiləsinin sürətləndirilməsi üçün də əhəmiyyətlidir. Bu istiqamətdə atılan addımlar nəqliyyat və logistika sahəsində mövcud əməkdaşlığı tamamlayaraq TDT çərçivəsində iqtisadi əlaqələrin texnoloji əsaslarını gücləndirəcək.
Ekspert rəqəmsal bağlantıların genişləndirilməsi zamanı məlumatların təhlükəsizliyi, infrastrukturun dayanıqlılığı və texniki standartların uyğunlaşdırılması məsələlərinin də diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. O deyib: “Rəqəmsal sistemlərin etibarlı fəaliyyəti üçün kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi, texniki tələblərin uzlaşdırılması və tərəfdaş ölkələr arasında koordinasiyanın təmin edilməsi zəruridir. Bu məsələlərin vaxtında həlli layihələrin uzunmüddətli səmərəliliyinə və regional rəqəmsal şəbəkənin etibarlılığına xidmət edəcək. Azərbaycan-Qazaxıstan müttəfiqliyi çərçivəsində rəqəmsal infrastrukturun inkişafı hər iki ölkənin Avropa ilə Asiya arasında strateji bağlantı mərkəzi kimi mövqelərinin gücləndirilməsi baxımından mühüm perspektivlər açır. Xəzərdən keçən fiber-optik kabel xətti Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasına, rəqəmsal iqtisadiyyatın genişlənməsinə və Türk dünyasında texnoloji inteqrasiyanın dərinləşməsinə töhfə verə bilər. Bu əməkdaşlığın gələcək səmərəliliyi isə nəqliyyat, enerji və rəqəmsal infrastrukturun vahid regional strategiya çərçivəsində əlaqələndirilməsindən asılı olacaq”.