


Baş prokuror Kamerunun və Banqladeşin korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri ilə görüşüb
Bakı, 30 oktyabr, AZƏRTAC
Baş prokuror Kamran Əliyev Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü ilə əlaqədar ölkəmizdə səfərdə olan Kamerunun Milli Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Diedonne Massi və Banqladeşin Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Castis Akm Əsədüzzamanı qəbul edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşlərdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülən tədbirlər, habelə əldə olunan nəticələr barədə məlumat verib. O, bu sahədə hüquqi və institusional mexanizmlərin davamlı təkmilləşdirilməsinin, müasir idarəetmə vasitələrinin tətbiqinin və beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.
Baş prokuror, həmçinin Azərbaycanın prokurorluq orqanlarının beynəlxalq və regional təşkilatlarla, eləcə də xarici dövlətlərin prokurorluq və digər hüquq-mühafizə orqanları ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini bildirərək, korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması baxımından institusional əlaqələrin, təcrübə və məlumat mübadiləsinin inkişafının vacibliyini diqqətə çatdırıb.
Kamerunun Milli Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Diedonne Massi ilə görüşdə Azərbaycan və Kamerun arasında dostluq münasibətlərinin Birləşmiş Millətlər Təşkilatı, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək əsasında inkişaf etdiyi vurğulanıb. Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin genişləndirilməsində təhsil sahəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyəti qeyd olunaraq, Kamerun vətəndaşlarının ölkəmizin beynəlxalq təhsil qrantı proqramlarından faydalanması məsələsinə toxunulub.
Həmçinin Azərbaycan prokurorluq orqanları ilə Kamerunun Milli Korrupsiyaya Qarşı Mübarizə Komissiyası arasında əməkdaşlığın inkişaf etdirilməsi, korrupsiya hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.
Banqladeşin Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Castis Akm Əsədüzzaman ilə görüşdə isə korrupsiyaya qarşı mübarizə sahəsində ikitərəfli institusional əlaqələrin genişləndirilməsi məsələlərinə diqqət yetirilib.
Baş prokuror müasir dövrdə korrupsiya cinayətlərinin müxtəlif formalarda və transmilli xarakter daşımaqla təzahür etdiyini vurğulayaraq, onların qarşısının alınması və aşkarlanması üzrə fəaliyyətin səmərəliliyinin artırılması üçün qabaqcıl təcrübənin öyrənilməsi, operativ məlumat mübadiləsi və qarşılıqlı hüquqi əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb. Bu baxımdan Azərbaycanın prokurorluq orqanları ilə Banqladeşin Korrupsiyaya Qarşı Mübarizə Komissiyası arasında əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin təşviq edilməsi məsələləri qeyd olunub.
Hər iki qonaq İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşünün yüksək səviyyədə təşkil olunmasına və uğurla keçirilməsinə, eləcə də onlara göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkürlərini bildirərək, ölkəmizi bu mühüm beynəlxalq tədbirin uğurla keçirilməsi münasibətilə təbrik ediblər. Onlar korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, qabaqcıl təcrübənin öyrənilməsinin və müvafiq qurumlar arasında institusional əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşlərdə, həmçinin Baş Prokurorluq ilə Kamerunun və Banqladeşin müvafiq qurumları arasında maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı təmasların bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunub.