


Xorvatiyanın sabiq prezidentinin xanımı Ədəbiyyat Muzeyində olub
Bakı, 30 oktyabr, AZƏRTAC
Mədəniyyətlərarası qarşılıqlı təsir məsələlərinin müzakirəsi üçün paytaxt Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq ictimaiyyətin Azərbaycana diqqətini bir daha cəlb etmək imkanı verir. Forumun iştirakçıları Azərbaycanın mədəniyyəti, tarixi, incəsənətilə yanaşı, ədəbiyyatına da xüsusi maraq göstərirlər. Forum iştirakçılarından - Xorvatiya Respublikasının sabiq prezidenti İvo Yosipoviçin xanımı Tatyana Yosipoviç Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tariximizə və ədəbiyyatımıza böyük maraq göstərən professor Tatyana Yosipoviç Zaqreb Universitetinin Hüquq fakultəsində çalışır. O, muzeyin Ekspozisiyanın qorunması, təqdimi və rəqəmsal tətbiq şöbəsinin müdiri Tomiris Babanlının müşayiəti ilə zəngin milli-mənəvi dəyərlərin təmsilçisi olan ədəbiyyatımız haqqında ətraflı məlumat alıb. Qonaq özündə qədim Azərbaycan ədəbiyyatı xəzinəsini hifz edib nəsillərə ötürən bu müqəddəs məkana bir daha qayıdacağı ümidi ilə ayrılıb, muzeyin “Təəssüratlar kitabı”na ürək sözlərini yazıb: “Ədəbiyyat Muzeyinə belə gözəl səyahətə görə təşəkkür edirəm. Xalqınızın ədəbiyyatı və incəsənəti məndə çox böyük təəssürat oyatdı”.