×
A
A
A
Sazlamalar

Tehran BƏƏ və Kanadanın İrana qarşı ərazi iddiaları ilə bağlı birgə bəyanatını pisləyib

Bakı, 30 oktyabr, AZƏRTAC

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Birləşmiş Ərəb Əmirlikləri və Kanadanın Əbu-Dabi vəliəhdi və Kanada Baş nazirinin birgə bəyanatında qeyd edildiyi kimi, İranın üç adası ilə bağlı ərazi iddialarını qətiyyətlə pisləyib.
AZƏRTAC IRNA agentliyinə istinadla xəbər verir ki, Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adalarının əbədi olaraq İrana məxsus olduğunu vurğulayan XİN rəsmisi bu bəyanatın BMT Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə zidd olduğunu bildirib.
Bəqai qeyd edib ki, həmin adalarla bağlı əsassız və uydurma iddiaların təkrarlanması müəyyən edilmiş coğrafi, tarixi və hüquqi reallıqları dəyişdirməyəcək.
Rəsmi Ottavanın İrana qarşı ərazi iddiaları irəli sürməkdə BƏƏ hökuməti ilə bir araya gəlməsi üzrə addımını pisləyən Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, ABŞ administrasiyasının ərazi iddiaları ilə üzləşən bir ölkənin - Kanadanın belə bir hərəkəti təəccüb doğurur.
Bəqai BƏƏ hökumətinə qonşu ölkəyə qarşı nəticəsiz ərazi iddialarını təkrarlamaq əvəzinə, İranla mehriban qonşuluq prinsipinə riayət etməyi tövsiyə edib.

 

Dünya 2026-10-30 12:25:00