


Tələbələr narkomaniyanın fəsadları barədə maarifləndirilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təhsil Könüllüləri Tələbə Birliyinin təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizə və tələbələrin maarifləndirilməsi məqsədilə “Bir dəfəlik deyil!” adlı tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə sosial və humanitar məsələlər üzrə prorektor Fikrət Rzayev narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələrdən, xüsusilə gənclərin bu zərərli vərdişlərdən qorunmasının vacibliyindən bəhs edib. O, sağlam həyat tərzinin təşviqində maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayaraq tələbələri zərərli vərdişlərdən uzaq olmağa və sağlam gələcək naminə düzgün seçim etməyə çağırıb.
Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri dosent Elxan Bəylərov tələbələr üçün narkomaniyanın psixoloji, sosial və fizioloji fəsadlarına həsr olunmuş maarifləndirici təqdimatla çıxış edib. O, narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə, ailə münasibətlərinə və bütövlükdə cəmiyyətə mənfi təsirləri barədə ətraflı məlumat verib, asılılığın yaranma səbəbləri və onun qarşısının alınması yolları haqqında fikirlərini bölüşüb.
İnteraktiv müzakirə formatında davam edən görüşdə tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.