


Hepatit B və C tam müalicə olunurmu? – Mütəxəssis açıqlayır
Bakı, 30 oktyabr, AZƏRTAC
Hepatit A və E çirklənmiş əllər, yuyulmamış meyvə-tərəvəz və keyfiyyətsiz su vasitəsilə keçir. Hepatit B, C və D virusunun yoluxması isə əsasən qan və qan məhsulları, sterilləşdirilməmiş tibbi alətlər, başqasına məxsus ülgüc, diş fırçası kimi şəxsi əşyaların istifadəsi zamanı baş verir.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov məlumat verib.
O bildirib ki, qeyri-peşəkar şəraitdə edilən döymə və pirsinqlər də böyük risk daşıyır: “Gündəlik həyatda gigiyena qaydalarına etinasızlıq göstərmək, tibbi və kosmetik prosedurların steril şəraitdə aparılmasına nəzarət etməmək təhlükəni artırır. Xüsusilə gənclər arasında populyar olan müxtəlif kosmetik manipulyasiyalar zamanı birdəfəlik alətlərdən istifadə olunmasına diqqət yetirilməlidir. Həmçinin tibb işçiləri peşə fəaliyyəti zamanı xüsusi ehtiyat tədbirlərinə riayət etməli, hər kəs isə şəxsi gigiyena vasitələrinin başqaları ilə paylaşılmamasını qızıl qaydaya çevirməlidir. Virus hepatitləri çox vaxt uzun müddət heç bir əlamət büruzə vermədən gizli inkişaf edir. Lakin xəstəliyin kəskin dövründə və ya xroniki mərhələnin aktivləşməsində ümumi zəiflik, tez yorulma, iştahasızlıq, ürəkbulanma, sağ qabırğaaltı nahiyədə ağırlıq hiss olunur. Ən səciyyəvi əlamətlər göz almalarının və dərinin saralması, sidiyin tündləşməsi, nəcisin rənginin isə ağarması və ya açıq sarı rəngə çalmasıdır. Bu əlamətlər görünən kimi dərhal infeksionistə müraciət etmək lazımdır. Çox təəssüf ki, bir çox insanlar yorğunluğu və halsızlığı sadəcə gündəlik streslə əlaqələndirərək həkimə getməyi gecikdirirlər. Nəticədə xəstəlik xroniki formaya keçərək qaraciyər sirrozu və ya digər ağır fəsadlara yol açır. Öz orqanizminizin siqnallarına qarşı diqqətli olmaq və vaxtaşırı profilaktik müayinələrdən keçmək həyati əhəmiyyət daşıyır”, - deyə T. Eyvazov qeyd edib.
Mütəxəssis-ekspert, həmçinin diqqətə çatdırıb ki, Hepatit B virusunu tamamilə bədəndən yox etmək hələlik mümkün olmasa da, müasir antiviral dərmanlar vasitəsilə virusun çoxalmasını dayandırmaq və qaraciyərin zədələnməsinin qarşısını almaq tam mümkündür. Hepatit C isə müasir birbaşa təsir edən antiviral preparatlar sayəsində günümüzdə demək olar ki, yüz faiz tam müalicə olunan və bədəndən tamamilə təmizlənən xəstəlikdir: “Vaxtında aşkarlanan hər iki xəstəlikdə düzgün müalicə insanlara sağlam və uzun ömür bəxş edir. Tibb elminin son illərdə əldə etdiyi nailiyyətlər sayəsində illər əvvəl çarəsiz hesab edilən bu xəstəliklərə qalib gəlmək artıq reallıqdır. Əsas şərt xəstəlikdən qorxmaq deyil, vaxtında həkimə müraciət etmək, müayinələrdən keçmək və həkim təyinatlarını dəqiq yerinə yetirməkdir”.