×
A
A
A
Sazlamalar

Ekspert: Niderland şirkətlərinin Bakı limanının inkişafının növbəti mərhələsində iştirakı mümkün ola bilər

Bakı, 29 oktyabr, AZƏRTAC

Niderland şirkətlərinin Xəzər dənizi hövzəsində liman infrastrukturunun inkişafında əvvəlki təcrübəsi onların Bakı Beynəlxalq Dəniz Ticarət Limanının növbəti inkişaf mərhələsində iştirakına maraq göstərə biləcəyini deməyə əsas verir.
Bunu AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.
Ekspert qeyd edib ki, Rotterdam limanı ilə Bakı limanını yük dövriyyəsinə görə birbaşa müqayisə etmək düzgün deyil. Çünki onların fəaliyyət miqyası, coğrafi şəraiti və logistika xüsusiyyətləri fərqlidir.
“Rotterdam limanında ildə təxminən 14 milyon TEU həcmində konteyner əməliyyatı həyata keçirilir. Bakı limanında isə bu göstərici hazırda təxminən 100 min TEU səviyyəsindədir. Limanın konteyner aşırma potensialının mərhələli şəkildə artırılması, yaxın gələcəkdə 500 min TEU-ya çatdırılması nəzərdə tutulur. Rotterdam əsasən dəniz daşımalarına xidmət edən böyük liman olduğu halda, Bakı limanı multimodal logistika mərkəzi kimi fəaliyyət göstərir. Burada dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inteqrasiyası, xüsusilə Orta Dəhliz üzrə yükdaşımaların təşkili mühüm əhəmiyyət daşıyır”, - deyə Rauf Ağamirzəyev qeyd edib.
Ekspert diqqətə çatdırıb ki, Xəzər regionunda liman infrastrukturunun inkişafında Niderland şirkətlərinin uzunmüddətli təcrübəsi var: “Belə ki, Niderlandın “Royal Haskoning” şirkəti regiondakı liman layihələrində, o cümlədən naviqasiya kanallarının və gəmilərin dönmə sahələrinin dərinləşdirilməsi işlərində iştirak edib. Bu əməkdaşlıq Azərbaycanla yanaşı, Türkmənbaşı və Kurık limanlarını da əhatə edib. Rotterdam və Bakı limanlarının texniki imkanları da eyni deyil. Rotterdamda iri dəniz gəmilərinə xidmət göstərən konteyner kranlarından istifadə olunduğu halda, Xəzər dənizinin dayazlığı və gəmi ölçüləri Bakı limanında əməliyyatların xüsusiyyətlərinə təsir edir”.
R.Ağamirzəyevin fikrincə, Niderland şirkətlərinin Azərbaycan liman infrastrukturunun inkişafında əvvəlki iştirakını və təcrübəsini nəzərə alsaq, onların Bakı limanının ikinci inkişaf mərhələsində də iştirak etmək marağı ola bilər. Bununla belə, konkret şirkətlərin gələcək layihələrdə iştirakı ilə bağlı yekun nəticə müvafiq qərarlar və rəsmi məlumatlar əsasında müəyyənləşəcək.

 

İqtisadiyyat 2026-10-29 13:10:00