×
A
A
A
Sazlamalar

ADA və Corc Vaşinqton universitetləri arasında ikili diplom proqramı ilə bağlı görüş olub

Bakı, 29 oktyabr, AZƏRTAC
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində ADA Universiteti ilə ABŞ-nin Corc Vaşinqton Universiteti arasında icra olunan magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Görüşdə ADA Universitetinin akademik məsələlər üzrə prorektoru Elkin Nurməmmədov, tələbə qəbulu və tələbə məsələləri üzrə prorektoru Günay Ziyadova, İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Abzətdin Adamov, Corc Vaşinqton Universitetinin Kompüter elmləri departamentinin rəhbəri Rebekka Hva, Elektrik və kompüter mühəndisliyi departamentinin rəhbəri Tarek Əl-Qəzavi, həmin departamentin rəhbər vəzifəsini icra edən Can Korman, Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov, Beynəlxalq ikili diplomlar şöbəsinin müdiri Aytən Şadlinskaya, eləcə də tərəfdaş universitetlərin nümayəndələri iştirak ediblər.
Görüş zamanı kompüter elmləri və verilənlərin təhlili, elektrik və elektroenergetika mühəndisliyi və kompüter mühəndisliyi və yüksək performanslı hesablamalar ixtisasları üzrə həyata keçirilən üç magistratura proqramının inkişaf göstəriciləri, tədris prosesinin cari vəziyyəti və tələbə qəbulu planları müzakirə olunub.
Eyni zamanda, mövcud əməkdaşlıq müqaviləsinə təklif olunan dəyişikliklər, proqramların davamlı inkişafı və tərəfdaş universitetlər arasında akademik əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Elm və təhsil 2026-10-29 13:07:00