×
A
A
A
Sazlamalar

“Meksikalaşma” ifadəsi Meksika ilə Fransa arasında mübahisə doğurub

Paris, 29 oktyabr, AZƏRTAC

Meksika prezidenti Klaudia Şeynbaum Fransada prezidentliyə namizəd Marin Lö Penin ölkənin narkotik kartelləri ilə əlaqəli “meksikalaşma” təhlükəsi ilə üzləşməsinə imkan verməyəcəyi barədə bəyanatına münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, Şeynbaum mətbuat konfransında Lö Penin fikirlərini tənqid edərək, onun Meksika haqqında kifayət qədər məlumatlı olmadığını deyib. O, “meksikalaşma” anlayışının dünyada yayılmalı olan müsbət mənasının Meksika mədəniyyətinin dürüstlük, sevgi, həmrəylik və qardaşlıq kimi dəyərləri ilə bağlı olduğunu vurğulayıb.
Fransanın ifrat sağçı Milli Birlik (RN) partiyasının aparıcı simalarından olan Lö Pen prezident seçkisi kampaniyasına təhlükəsizlik məsələlərini ön plana çıxarmaqla başlayıb. O, Meksika narkotik kartellərini terrorçu təşkilatlar kimi təsnif edən ABŞ-nin yanaşmasına istinad edərək, Fransada da bu qruplaşmalara qarşı sərt mübarizə aparılacağını bildirib.
“Meksikalaşma” ifadəsi Fransada bir neçə ildir ki, zorakılığın artmasını təsvir etmək üçün bəzi siyasətçilər tərəfindən işlədilir. 2024-cü ildə Fransanın daxili işlər naziri Bruno Retayyo da restoranda baş verən atışmadan sonra bu ifadədən istifadə etmişdi. Bu, Meksika rəsmilərinin kəskin etirazına səbəb olmuşdu.
Meksikanın Fransadakı səfirliyi həmin ifadənin ölkə haqqında stereotipləri gücləndirdiyini, zorakılıq qurbanlarının ailələrini incitdiyini və narkotik ticarətinə qarşı beynəlxalq əməkdaşlığa xələl gətirə biləcəyini bildirmişdi.

Dünya 2026-10-29 12:57:00