


“QazTrade” şirkətinin baş direktoru: Qazaxıstan üçüncü ölkələrdən Azərbaycana tədarükün bir hissəsini əvəz edə bilər
Astana, 29 oktyabr, AZƏRTAC
“Qaz Trade” ticarət siyasətinin İnkişafı Mərkəzi” SC Direktorlar Şurasının üzvü və baş direktoru Nurlan Kulbatırov Qazaxıstanla Azərbaycan arasında ticarətin perspektivləri, istehsalçılarını iki ölkənin bazarlarına çıxışının təmin edilməsi və Orta Dəhlizin inkişafı barədə fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb.
- Qazaxıstan ilə Azərbaycan arasında iqtisadi-ticari əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirərdiniz? Qarşılıqlı ticarət həcminin artırılması potensialı barədə fikirləriniz maraqlı olardı.
- 2026-cı ilin yanvar-sentyabr ayları arasında ticarət həcmi 306,1 milyon dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz azalma deməkdir. Qazaxıstanın ixracı 265,9 milyon dollar, idxalı isə 40,2 milyon dollar təşkil edib.
Ümumi ticarət dövriyyəsi azalsa da, metal məmulatları, şokolad, marqarin, kosmetika və kabel məhsulları da daxil olmaqla müəyyən malların daşınması həcmi artıb. Qazaxıstanın ixracında emal olunmuş malların payı 49 faizə çatıb.
“QazTrade”in hesablamalarına görə, Azərbaycana emal olunmuş məhsulların əlavə ixrac potensialı 78 mal kateqoriyası üzrə 63,5 milyon dollar təşkil edir. Ən böyük potensial metallurgiya (25,8 milyon dollar), qida emalı (9,8 milyon dollar), neft-kimya (6,3 milyon dollar) və kimya (5 milyon dollar) sahələrindədir.
- İki ölkə arasında ticarətin gələcək artımının əsas hərəkətverici qüvvəsi hansı məhsullar ola bilər?
- Qazaxıstan hazırda Azərbaycanın üçüncü ölkələrdən aldığı bəzi malları əvəz edə bilər. Bu, əsasən metallurgiya məhsullarına – yayma istehsalı olan polad, armatur, alüminium oksidi və ferroərintilərə aiddir. 2026-cı ildə Qazaxıstan müəssisələri ilk dəfə olaraq Azərbaycana soyuq və qızmar yayma metallar, eləcə də mis katodları tədarük etməyə başladı.
Ərzaq və kənd təsərrüfatı ixracı potensialı təxminən 16 milyon dollar olaraq qiymətləndirilir. Buraya günəbaxan yağı, mal əti, qənnadı məhsulları, taxıl və paxlalılar daxildir. Şokolad tədarükü ikiqat, marqarin demək olar ki, üçqat, fermentləşdirilmiş süd məhsulları isə 40 faiz artıb.
Dizel yanacağı, polipropilen, minik avtomobilləri, gübrələr və tikinti materialları ticarəti də ümidvericidir. Maşınqayırma və elektrotexnika sahəsində kabel məhsulları xüsusilə diqqətəlayiqdir: bu məhsulların tədarükü 2026-cı ildə 12 dəfədən çox artıb.
- “QazTrade” Qazaxıstan məhsullarını Azərbaycan bazarında tanıtmaq üçün hansı konkret tədbirlər görür?
- İxracın Sürətləndirilməsi Proqramının bir hissəsi olaraq, “QazTrade” Qazaxıstan şirkətlərinin Azərbaycan bazarına daxil olmasına kömək edir. Biz tələbatı öyrənir, perspektivli əmtəə nişanlarını müəyyən edir, alıcılar tapır, birbaşa B2B danışıqları təşkil edir və ixrac əməliyyatlarını dəstəkləyirik.
Biz, həmçinin un, yağ, ət məhsullarına, qənnadı məmulatlarına, tikinti materiallarına və kimyəvi maddələrə xüsusi diqqət yetiririk. İstehsalçıların sərgilərdə və iqtisadi-ticari missiyalarda iştirakını asanlaşdırırıq.
Bununla yanaşı, “QazTrade” ixracatçılara sertifikatlaşdırma, texniki qaydalar, logistika və Azərbaycan bazarına çıxış şərtləri barədə məsləhətlər verir.
İxrac xərclərinin bir hissəsinin ödənilməsi mexanizmləri də nəzərdə tutulur.
- Azərbaycan mallarının Qazaxıstana tədarükünün genişləndirilməsi üçün hansı imkanları görürsünüz?
- Azərbaycan meyvə-tərəvəzləri, meyvə şirələri, konservləşdirilmiş məhsullar və şirniyyat məhsullarının əhəmiyyətli potensialı var. Kimya və neft-kimya məhsulları, tikinti materialları, tekstil məhsulları və müəyyən istehlak mallarının tədarükü də ümidvericidir.
Azərbaycan istehsalçıları ilə Qazaxıstan pərakəndə satış şəbəkələri, idxalçıları və distributorları arasında birbaşa əlaqələrin qurulması vacibdir. Bu, vasitəçilərin sayının azaldılmasına, məhsulun rəqabət qabiliyyətinin artırılmasına və sabit tədarükün təmin edilməsinə kömək edəcək. “QazTrade” bu cür əlaqələri asanlaşdırmağa hazırdır.
- Orta Dəhliz Qazaxıstan ilə Azərbaycan arasında ticarətin inkişafında hansı rola malikdir? Hazırda iki ölkənin sahibkarları arasında daha aktiv əməkdaşlıqda hansı logistika və inzibati maneələr mövcuddur?
- Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun və ya Orta Dəhlizin inkişafı müntəzəm daşımaları asanlaşdırır və yük axınlarının xarici geosiyasi amillərdən asılılığını azaldır.
Mən, həmçinin xidmət sahəsində ticarətin, xüsusən də nəqliyyat əlaqələrini vurğulamaq istərdim. Bizim hesablamalarımıza görə, bu, Qazaxıstan ilə Azərbaycan arasında əmtəə ticarətindən daha sürətlə böyüyür. Bakı Ələt limanı və Qazaxıstanın Aktau və Kurık limanları vasitəsilə yük tranzitində əhəmiyyətli potensial mövcuddur. Azərbaycan ticarət donanması Xəzər dənizi gəmiçiliyində mühüm rola malikdir.
Marşrutu genişləndirmək üçün limanlar və dəmir yolu infrastrukturu modernləşdirilir, gəmilər alınır və logistika prosesləri rəqəmsallaşdırılır. Qazaxıstanda ilk gəmiqayırma zavodunun və Aktauya gedən avtomobil yolunun tikintisi planlaşdırılır.
Hazırda ikitərəfli ticarətdə heç bir əhəmiyyətli inzibati maneə yoxdur. Əsas məhdudiyyət Orta Dəhliz boyunca yükdaşımaların nisbətən yüksək qiyməti olaraq qalır və bu, marşrutun yüklənməsi ilə bağlıdır.