×
A
A
A
Sazlamalar

Tramp Bolsonaro ilə bağlı vəziyyətə müdaxilə etməyəcəyini bildirib

Bakı, 29 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Braziliyada prezidentliyə keçmiş namizəd Flaviu Bolsonaronun ölkəyə daxil olmasına icazə verildiyini təsdiqləyib, lakin onunla bağlı vəziyyətə müdaxilə etməyəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, Tramp Ohayo ştatına yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında Braziliyada keçirilən seçkiləri “çox qəribə” adlandırıb və səsvermənin nəticələri ilə bağlı hər hansı mövqe tutmadığını vurğulayıb.
Bildirilib ki, Flaviu Bolsonaro, həyat yoldaşı və iki qızının olduğu təyyarə oktyabrın 28-də Mayamiyə enib. O, bundan əvvəl seçkilərdə məğlubiyyətini qəbul etmədiyini və xaricdən siyasi mübarizəni davam etdirəcəyini açıqlayıb.
Braziliya mediasının məlumatına görə, senator seçkilərdə məğlub olduqdan və məhkəmə orqanlarının ölkəni tərk etməməsi, Braziliya və İtaliya pasportlarını təhvil verməsi barədə əmrindən sonra ölkədən getmək qərarına gəlib.
Bundan başqa, Braziliya Ali Məhkəməsinin hakimi Flaviu Dinu Flaviu Bolsonaro ilə bağlı seçki kampaniyasının mümkün xarici maliyyələşdirilməsinə dair araşdırmaya başlanılması barədə qərar qəbul edib. Senatorun adı, həmçinin çirkli pulların yuyulması və digər cinayətlərlə əlaqəli iki cinayət işində hallanır.
Qeyd edək ki, oktyabrın 25-də keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Luiz İnasio Lula da Silva qalib gəlib. Bolsonaro isə səsvermə müddətinin uzadılmasının bir sıra pozuntulara səbəb olduğunu iddia edərək nəticələri tanımayıb.

Dünya 2026-10-29 07:19:00