×
A
A
A
Sazlamalar

Avropa İttifaqı və Kanada liderləri Monrealda ikigünlük sammitdə bir araya gələcəklər

Bakı, 29 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Monrealda Avropa İttifaqı (Aİ) ilə Kanada arasında ikigünlük sammit keçiriləcək. Görüşdə Aİ-ni Avropa Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen təmsil edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Şurasının sammitlə bağlı yaydığı məlumatda bildirilib.
Sammitdə tərəflər arasında siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət, rəqəmsal texnologiyalar, enerji, müdafiə və təhlükəsizlik, eləcə də kritik əhəmiyyətli xammal sahələrində əlaqələrin gücləndirilməsi müzakirə olunacaq. Ukraynaya dəstəyin davam etdirilməsi, Yaxın Şərqdəki vəziyyət və digər beynəlxalq məsələlər də gündəlikdə yer alacaq. Görüşün yekununda birgə bəyanatın qəbul edilməsi gözlənilir.
Məlumata görə, 2025-ci ildə Aİ ilə Kanada arasında mal və xidmət ticarətinin həcmi təxminən 130 milyard avro təşkil edib. Bu, 2016-cı ilin göstəricisi ilə müqayisədə 80 faizdən çoxdur.
Sammit ərəfəsində Kanadaya Aİ-nin assosiativ üzvü statusunun verilməsi təşəbbüsü də müzakirə olunur. “Politico” nəşrinin məlumatına görə, Almaniya, İtaliya, Yunanıstan və Fransa bu məsələnin tərəflərin birgə bəyanatında əks olunmasına qarşı çıxıblar.

Dünya 2026-10-29 06:16:00