


“Nature”: Afrikada 717 milyondan çox insanın təmiz suya çıxışı yoxdur
Bakı, 29 oktyabr, AZƏRTAC
Beynəlxalq tədqiqatçılar qrupu ilk dəfə Afrikanın bütün ərazisində mərkəzləşdirilmiş su təchizatı sisteminin əhatə dairəsini araşdırıb. Araşdırma nəticəsində məlum olub ki, hazırda qitənin 717 milyon sakini içməli su ilə təmin olunmayıb. Bu, Afrikanın ümumi əhalisinin təxminən yarısı deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Nature” elmi jurnalında dərc olunan tədqiqatda bildirilir.
“Nəticədə məlum olub ki, indiyədək elmi ictimaiyyətin Afrikada su ehtiyatlarına tələbatın ərazi üzrə necə bölüşdürüldüyü və iqtisadiyyatın hansı sahələrinin bu ehtiyatlara daha çox ehtiyac duyduğu barədə dəqiq təsəvvürü olmayıb. Məlum olub ki, cəmi 642 milyon afrikalının təmiz, boru kəmərləri vasitəsilə evlərə çatdırılan su ilə təminatı var. Onların əksəriyyəti iri şəhərlərdə yaşayır. Bu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə Afrikada nail olmaq üçün infrastruktur sahəsinə böyük həcmdə investisiyaların yatırılmasının zəruri olduğunu göstərir”, – deyə tədqiqatda qeyd olunur.
Beynəlxalq Su Ehtiyatlarının İdarə Edilməsi İnstitutunun (IWMI) aparıcı elmi əməkdaşı Saymon Lanqanın rəhbərlik etdiyi ekspertlər qrupu bu qənaətə gəlib. Onlar 2010-2020-ci illərdə Afrikanın 49 ölkəsində müvafiq milli təşkilatlar və qurumlar tərəfindən toplanmış məlumatları araşdırıblar. Alimlər həmin məlumatlar əsasında bütün Afrika üzrə su ehtiyatlarına tələbatı və onların istehlakını əks etdirən detallı xəritə hazırlayıblar. Xəritənin təhlili göstərib ki, son on ildə Afrikada suya ümumi tələbat 26 faiz artıb. Belə ki, 2010-cu ildə 274 kubkilometr olan bu göstərici 2020-ci ildə 347 kubkilometrə çatıb. Artım əhalinin sayının çoxalması, eləcə də sənaye və kənd təsərrüfatının inkişafı ilə əlaqədardır. İstehlak olunan suyun təxminən 65 faizi kənd təsərrüfatının payına düşür. Ev təsərrüfatları və şəhər infrastrukturu ilə bağlı tələbat isə ümumi həcmin təxminən 17 faizini təşkil edir.
Ayrı-ayrı ölkələr üzrə vəziyyətə nəzər saldıqda, əhalinin təmiz içməli su ilə ən yaxşı təmin olunduğu ölkələr arasında Şimali Afrikadan Misir (99 faiz), Tunis (92 faiz) və Mərakeş (78 faiz), eləcə də Botsvana (91 faiz), Cənubi Afrika Respublikası (90 faiz) və Namibiya (83 faiz) yer alır.
Qərbi, Mərkəzi və Şərqi Afrika ölkələrində isə əhalinin xeyli az hissəsi su təchizatı sistemindən fasiləsiz istifadə edə bilir. Bu bölgələrdə yaşayan insanlar məişət ehtiyacları və suvarma üçün daha az təhlükəsiz olan digər su mənbələrindən istifadə etməyə məcbur qalırlar.
Alimlər, həmçinin qeyd edirlər ki, Liviya, Şimali Afrikanın bəzi digər ölkələri və qitənin cənub bölgələri istisna olmaqla, Afrikanın əksər bölgələrində su təchizatı sistemindən istifadə imkanlarının məhdudluğu təbii iqlim amilləri ilə deyil, infrastrukturun çatışmazlığı ilə bağlıdır. Saymon Lanqa və həmkarlarının qənaətinə görə, bu vəziyyət BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan hədəflərə nail olmaq üçün Afrikanın su təchizatı infrastrukturuna yatırılan investisiyaların əhəmiyyətli dərəcədə artırılmasının vacibliyini göstərir.