×
A
A
A
Sazlamalar

Syerra-Leoneli gənc lider: Mədəniyyətlərarası Dialoq Forumu gənclər üçün yeni imkanlar yaradır

Bakı, 28 oktyabr, AZƏRTAC

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək bir gənc lider kimi mənim üçün böyük əhəmiyyət kəsb edir. Bu mötəbər tədbir müxtəlif ölkələrdən olan gənclərlə təcrübə mübadiləsi aparmaq, fərqli mədəniyyətləri yaxından tanımaq və yeni tərəfdaşlıq əlaqələri qurmaq baxımından geniş imkanlar açır.
Bunu AZƏRTAC-a açıqlamasında Syerra-Leone nümayəndəsi, “Leading Effective Action for Development” təşkilatının təsisçisi və icraçı direktoru Musa Konde deyib.
O bildirib ki, Forum çərçivəsində əldə etdiyi bilik və təcrübə, eləcə də qurduğu beynəlxalq əlaqələr gələcək fəaliyyətinə mühüm təsir göstərəcək: “Syerra-Leoneyə qayıtdıqdan sonra burada qazandığım təcrübədən icma lideri və gənc fəal kimi yararlanmağı, yaşadığım cəmiyyətin inkişafına töhfə verməyi planlaşdırıram”.
Azərbaycana ilk dəfə səfər etdiyini bildirən qonaq Bakı ilə bağlı xoş təəssüratlarını da bölüşüb: “Bakıda məni ən çox heyran edən insanların səmimiyyəti, yüksək qonaqpərvərliyi və şəhərdəki təhlükəsiz mühit oldu. İlk gündən burada özümü çox rahat hiss etdim. Yerli sakinlərlə ünsiyyət qurmaq, onların gündəlik həyatı və zəngin mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazandım. İnsanlar arasındakı qarşılıqlı hörmət və mədəni müxtəliflik xüsusilə diqqətimi çəkdi. Bu səfər həm yeni bilik və təcrübə qazanmaq, həm də Azərbaycanı yaxından kəşf etmək baxımından mənim üçün çox yaddaqalan oldu”.

Müxbir - Günel Alıyeva
Fotoqraf - Tofiq Babayev

Mədəniyyət 2026-10-28 19:46:00