


Metan emissiyalarının azaldılması Azərbaycanın iqlim hədəflərinə nail olması baxımından mühüm əhəmiyyət daşıyır
Bakı, 28 oktyabr, AZƏRTAC
SOCAR və onun törəmə müəssisələri "Qərbi Abşeron" yatağında metan emissiyalarının azaldılması üçün investisiyaların müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində iş aparır.
AZƏRTAC xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal "Milli səviyyədə müəyyən edilmiş töhfələrin Azərbaycanda icrasının sürətləndirilməsi: Dayanıqlı inkişaf üçün enerji sektorunun dekarbonizasiyasının təşviqi” mövzusunda 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.
Onun sözlərinə görə, metan emissiyalarının azaldılması Azərbaycanın iqlim hədəflərinə nail olması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə investisiyaların düzgün müəyyənləşdirilməsi və ən səmərəli tədbirlərin prioritetləşdirilməsi vacibdir.
“2035-ci ilə qədər emissiyaların 40 faiz azaldılması hədəfinə nail olmaq üçün artıq çox vaxtımız qalmayıb. Buna görə də səylərimizi ikiqat artırmalıyıq”, – deyə AİB-in rəsmisi əlavə edib.
Foto - Aydın Məmmədov