


Nazir müavini: Forumda 5 qitəni təmsil edən 44 ölkədən 100-dən çox gənc iştirak edir
Bakı, 28 oktyabr, AZƏRTAC
Forum çərçivəsində təşkil olunan gənclər düşərgəsi müxtəlif ölkələrdən olan gənc liderlər arasında səmimi əlaqələrin qurulmasına və qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Gənclərin dialoqu: təsirin ön plana çıxarılması” adlı plenar sessiyada mədəniyyət nazirinin müavini Fərid Cəfərov səsləndirib.
Onun sözlərinə görə, forumda 5 qitəni təmsil edən 44 ölkədən 100-dən çox gənc iştirak edir: “Onların arasında indiyədək bu forumda təmsil olunmamış ölkələrdən gələn gənc liderlər də var. Gənclərin beynəlxalq dialoq platformalarında fəal iştirakı, müxtəlif mədəniyyətlərin nümayəndələri ilə əlaqələr qurması və təcrübə mübadiləsi aparması mühüm əhəmiyyətə malikdir”.