


Azərbaycanın millisinin baş məşqçisi: Əminəm ki, futbolçular U-15 dünya çempionatındakı anları uzun müddət xatırlayacaqlar
Bakı, 28 oktyabr, AZƏRTAC
U-15 dünya çempionatı və festivalı bəzi uşaqlar üçün fərqli təcrübədir. Əminəm ki, onlar bu anları uzun müddət xatırlayacaqlar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Rui Jorje Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı ilə bağlı danışarkən deyib.
Portuqaliyalı mütəxəssis turnirin təşkilatçılığını yüksək qiymətləndirib: “İndiyədək gördüklərimə əsasən, hər şey çox yaxşıdır. Meydançalar da yaxşı vəziyyətdədir”.
O, favorit komandalar barədə danışarkən bütün kollektivlərin oyununu izləmədiyini bildirib: “Buna görə də onların necə oynadıqlarını bilmirəm və hansının favorit olduğunu deyə bilmərəm. Portuqaliyanın U-15 millisinin oyununu izləmişəm və komandanın baş məşqçisini yaxşı tanıyıram. Yaxşı mütəxəssisdir, inanıram ki, Bakıda uğur qazanacaq”.
U-20 millisi ilə bağlı gələcək planlardan da söz açan baş məşqçi gələn il Azərbaycan və Özbəkistanın ev sahibliyi edəcəyi dünya çempionatına vəsiqə qazanan yığmalarla səviyyə fərqini azaltmağa çalışdıqlarını vurğulayıb.