


Fərhad Hacıyev: Gənclər dəyişən dünyaya uyğunlaşmaqla yanaşı, inkişafa təsir göstərmək gücünə malikdirlər
Bakı, 28 oktyabr, AZƏRTAC
Gənclər dəyişən dünyaya uyğunlaşmaqla yanaşı, onun inkişaf istiqamətinə təsir göstərmək gücünə malikdirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri gənclər və idman nazirinin müavini Fərhad Hacıyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Gənclərin dialoqu: təsirin ön plana çıxarılması” mövzusunda plenar sessiyada çıxışı zamanı səsləndirib.
O bildirib ki, bu cür forumlar başa çatdıqdan sonra iştirakçılar yeni əlaqələr, ideyalar və müsbət təəssüratlarla ayrılırlar: “Lakin əsas məsələ tədbirdən sonra nələrin baş verməsi, müzakirələrin yeni təşəbbüslərə, qurulan əlaqələrin isə davamlı tərəfdaşlıqlara çevrilməsidir. Dialoqun real təsiri onun konkret nəticələrə gətirib çıxarması ilə ölçülür”.
Fərhad Hacıyev qeyd edib ki, müasir gənclər coğrafi məsafələrin əvvəlki əhəmiyyətini itirdiyi, texnologiyanın dünyanın müxtəlif yerlərində yaşayan insanlarla dərhal ünsiyyət qurmağa və onların təcrübəsindən yararlanmağa imkan verdiyi bir dövrdə böyüyürlər: “Bununla belə, əlaqədə olmaq hər zaman bir-birini anlamaq demək deyil. Mənalı ünsiyyət hələ də texnologiyanın təkbaşına təmin edə bilməyəcəyi keyfiyyətləri – empatiyanı, qarşılıqlı hörməti və dinləmək istəyini tələb edir”.
O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin gənclərin hərtərəfli inkişafına, ictimai həyatda fəal iştirakına və potensiallarını reallaşdırmalarına xüsusi önəm verdiyini diqqətə çatdırıb: “Gənclərə investisiya qoyuluşu yalnız onların bilik və bacarıqlarının artırılması ilə məhdudlaşmır. Bu, eyni zamanda, gənclərin özünəinamının güclənməsinə, məsuliyyət hissinin formalaşmasına və ölkənin gələcəyinin qurulmasında fəal iştirakına şərait yaradır”.