×
A
A
A
Sazlamalar

BMT rəsmisi: Qadınların iqtisadi imkanları genişləndirilməli, təhsili layiqli iş imkanları ilə əlaqələndirilməlidir

Bakı, 28 oktyabr, AZƏRTAC

Təhsil qızlara bilik və bacarıq qazandırmaqla yanaşı, onların seçim etmək, hüquqlarını həyata keçirmək və həyatlarına təsir edən qərarlara təsir göstərmək imkanlarını genişləndirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru Elisa Fernandez Saenz “Bilik, liderlik və imkanlar: ortaq gələcək naminə körpülərin qurulmasında qadınların və qızların rolunun gücləndirilməsi” mövzusundakı dialoqda deyib.
O bildirib ki, təhsil özlüyündə hüquq olsa da, avtomatik olaraq qadınların cəmiyyətdə mövqeyinin və iqtisadi imkanlarının artmasına gətirib çıxarmır: “Buna görə də, həm təhsil sistemində, həm də iş yerində qadınların vaxtını və imkanlarını məhdudlaşdıran ayrı-seçkilik yaradan norma və təcrübələrin aradan qaldırılması üçün kollektiv səylər göstərilməlidir. Qadınların öyrəndiklərini layiqli və ədalətli işlə əlaqələndirməli, onların həyat dövrünün bütün mərhələlərində liderliyə doğru irəliləməsinə imkan yaratmalıyıq”.
BMT rəsmisi diqqətə çatdırıb ki, Avropa və Mərkəzi Asiyada qadınlar kişilərlə müqayisədə təxminən 3,4 dəfə çox ödənişsiz ev və qayğı işləri görürlər: “Bu, qadınların vaxtına real məhdudiyyət yaradır və onların təhsil, iş və karyera ilə bağlı qərarlarına birbaşa təsir göstərir. Rəqəmsallaşma, süni intellekt və yeni iqtisadi imkanların qadınlar üçün də bərabər əlçatan olması vacibdir. BMT-nin Qadınlar Təşkilatı “Women in Tech” ilə tərəfdaşlığı çərçivəsində Qərbi Balkanlarda 800 qadına rəqəmsal bacarıqlar, mentorluq və onlayn təhlükəsizlik üzrə dəstək göstərib”.
O qeyd edib ki, əsas məqsəd yalnız qadınlara bacarıqlar qazandırmaq deyil, həmin bacarıqları peşəkar şəbəkələr və məşğulluq imkanları ilə əlaqələndirmək, nəticələri qiymətləndirərkən isə karyera inkişafı və iştirak göstəricilərini nəzərə almaqdır.

Videooperator - Ceyhun Mustafayev
Fotoqraf - Azər İbrahimov

 

İqtisadiyyat 2026-10-28 11:08:00