×
A
A
A
Sazlamalar

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib  YENİLƏNİB VİDEO

Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun ev sahibliyi etdiyi tədbirdə 46 üzv və müşahidəçi ölkəni təmsil edən nümayəndələr, eləcə də 8 beynəlxalq təşkilatın təmsilçiləri olmaqla, ümumilikdə, 250-dən çox şəxs iştirak edib. İştirakçılar arasında müstəqil antikorrupsiya qurumlarının rəhbərləri və nazirlər olmaqla, 40-dan çox yüksəkvəzifəli şəxs yer alıb.
Görüşün əsas məqsədi İƏT-ə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq və regional əməkdaşlığın gücləndirilməsi, hüquq-mühafizə orqanları arasında əlaqələndirilmiş fəaliyyətin genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin təşviqi olub.
Tədbir çərçivəsində, həmçinin korrupsiya yolu ilə əldə edilmiş aktivlərin aşkar olunması və qaytarılması, müasir texnologiyaların antikorrupsiya fəaliyyətində tətbiqi, habelə üzv dövlətlərin müvafiq qurumları arasında birgə fəaliyyət imkanları müzakirə edilib.
Açılış mərasimi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra “Qurani-Kərim”dən ayələr oxunub.
Daha sonra Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.
Açılış mərasimində Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Qurumunun (ACTA) rəhbəri, İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının ikinci Nazirlər Görüşünün sədri Hamad bin Nasser Al-Misnad, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri Mazin bin İbrahim Al-Kahmous və İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhməd çıxış ediblər.
ACTA-nın prezidenti Hamad bin Nasser bin Rashid Al-Misnad çıxışında üzv dövlətlər arasında əməkdaşlığın davam etdirilməsinin və korrupsiyaya qarşı mübarizə sahəsində birgə səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb. Belə görüşlərin təcrübə mübadiləsi, ümumi çağırışların müzakirəsi və səmərəli əməkdaşlıq mexanizmlərinin inkişafı baxımından əhəmiyyətini qeyd edib. Həmçinin ölkəsində korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərdən və əldə olunan nəticələrdən danışıb.
Qətər Dövlətinin nümayəndəsinin çıxışından sonra keçirilən seçkilərin nəticələrinə əsasən, Azərbaycan İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşünün Bürosuna iki il müddətinə yekdilliklə sədr seçilib. İraq, Fələstin və Burkina Faso isə Büro üzvləri seçiliblər.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev çıxışında korrupsiyaya qarşı mübarizənin hüququn aliliyinin təmin edilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, eləcə də dövlət institutlarına ictimai etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatların, dövlət idarəçiliyinin təkmilləşdirilməsinin və antikorrupsiya mexanizmlərinin gücləndirilməsinin bu sahədə ardıcıl dövlət siyasətinin mühüm istiqamətlərini təşkil etdiyini bildirib. Baş prokuror korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasının, qabaqlayıcı tədbirlərin genişləndirilməsinin və beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyinə diqqət çəkib.
Baş prokuror korrupsiyanın transmilli xarakter daşıyan formalarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın xüsusi əhəmiyyətini qeyd edərək, hüquq-mühafizə orqanları arasında məlumat mübadiləsinin, qarşılıqlı hüquqi yardımın və əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsini zəruriliyini vurğulayıb. O, Azərbaycanın İƏT ilə əməkdaşlığının inkişafına toxunaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin təşkilat çərçivəsində tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, İslam həmrəyliyinin gücləndirilməsinə və üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini bildirib. Bu baxımdan Bakıda keçirilən görüşün antikorrupsiya qurumları arasında dialoqun dərinləşdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və birgə fəaliyyət imkanlarının artırılması üçün mühüm platforma olduğunu qeyd edib.
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhməd çıxışında tədbirin təşkilinə və iştirakçılara göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. O, korrupsiyanın dövlət idarəçiliyinə, iqtisadi inkişafa və cəmiyyətin dövlət institutlarına etimadına mənfi təsir göstərən ciddi çağırış olduğunu vurğulayaraq, bu sahədə mübarizənin səmərəliliyinin artırılması üçün üzv dövlətlərin birgə və əlaqələndirilmiş fəaliyyətinin vacibliyini diqqətə çatdırıb. Bundan başqa, korrupsiya cinayətlərinin transsərhəd xarakterini nəzərə alaraq, aidiyyəti qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin, operativ məlumat mübadiləsinin və beynəlxalq hüquqi mexanizmlərdən səmərəli istifadənin əhəmiyyətini qeyd edib. Eyni zamanda, İƏT çərçivəsində antikorrupsiya sahəsində institusional əlaqələrin gücləndirilməsinin və ümumi yanaşmaların formalaşdırılmasının zəruriliyini vurğulayıb.
Baş katib, həmçinin İƏT-ə üzv dövlətləri Məkkə Əl-Mükərrəmə Konvensiyasının imzalanması və ratifikasiyası prosesini sürətləndirməyə çağırıb.
İƏT-də müşahidəçi statusuna malik Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan görüşdə fəxri qonaq qismində çıxış edib. O, korrupsiya yolu ilə əldə edilmiş gəlirlərin iqtisadi dövriyyədən çıxarılmasının, habelə korrupsiya cinayətlərinin aşkar olunması və qarşısının alınmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Rusiya Federasiyasının İƏT-ə üzv dövlətlərin antikorrupsiya qurumları ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirən Aleksandr Qutsan bu sahədə bir sıra müvafiq qurumlarla əməkdaşlıq sazişlərinin və proqramlarının mövcudluğunu qeyd edib. O, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi ilə əməkdaşlıq çərçivəsində Rusiya Federasiyasının Baş Prokurorluğunda müvafiq beynəlxalq konvensiyanın icrasının monitorinqində iştirak edən ölkələrin ekspertləri üçün təlim kurslarının təşkil olunduğunu da diqqətə çatdırıb.
Görüşün işçi sessiyalarında tədbirin gündəliyi və iş proqramı layihələri müzakirə olunaraq qəbul edilib, yüksəkvəzifəli şəxslərin iclasının hesabatı nəzərdən keçirilərək təsdiqlənib.
Daha sonra İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə sahəsində səlahiyyətli nazirlərinin və müvafiq hüquq-mühafizə orqanlarının rəhbərlərinin çıxışları dinlənilib. İştirakçılar öz ölkələrində bu sahədə həyata keçirilən tədbirlər, mövcud təcrübə və qarşıda duran əsas vəzifələr barədə fikirlərini bölüşüblər. Regional və beynəlxalq təşkilatların nümayəndələri də mövzu ilə bağlı çıxış edərək əməkdaşlığın inkişafına dair yanaşmalarını və təkliflərini diqqətə çatdırıblar.
Tədbir çərçivəsində Azərbaycan Respublikası “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası”nı imzalayıb.
Konvensiya Azərbaycan Respublikası adından Baş prokuror Kamran Əliyev tərəfindən imzalanıb. İmzalanma mərasimində İƏT-in Baş katibi İsmayıl Ould Şeyx Əhməd iştirak edib.
İmzalanma mərasimində çıxış edən Baş prokuror korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasında beynəlxalq əməkdaşlığın, dövlətlər arasında operativ məlumat mübadiləsinin və hüquq-mühafizə orqanlarının əlaqələndirilmiş fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, İƏT üzv dövlətlərini Konvensiyanın imzalanması üçün zəruri prosedurları həyata keçirməyə, bu istiqamətdə fəal mövqe nümayiş etdirməyə çağırıb.
Qeyd edək ki, Məkkə Əl-Mükərrəmə Konvensiyası İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən hüquq-mühafizə orqanları arasında əməkdaşlığın hüquqi əsaslarını müəyyən edən beynəlxalq sənəddir. Konvensiya korrupsiya cinayətlərinin qarşısının alınması, aşkar edilməsi, araşdırılması və təqibi sahəsində dövlətlərarası əməkdaşlığın gücləndirilməsinə, məlumat və sübut mübadiləsinin, qarşılıqlı hüquqi yardımın, istintaq tədbirləri üzrə əməkdaşlığın və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsinə yönəlib. Sənəd, eyni zamanda, korrupsiya yolu ilə əldə edilmiş aktivlərin müəyyənləşdirilməsi, izlənilməsi, dondurulması, müsadirəsi və mənşə ölkəsinə qaytarılması istiqamətində qarşılıqlı fəaliyyətin gücləndirilməsini nəzərdə tutur.
Konvensiyanın imzalanması Azərbaycanın İƏT çərçivəsində antikorrupsiya əməkdaşlığının inkişafına, beynəlxalq hüquqi əlaqələrin genişləndirilməsinə və korrupsiya cinayətlərinin transsərhəd xarakterindən irəli gələn çağırışlara qarşı birgə mübarizənin gücləndirilməsinə verdiyi önəmin növbəti ifadəsidir.

Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Səfiyar Məcnun
Videooperator - Vüsal Tağıyev

Cəmiyyət 2026-10-28 20:55:00