


Komitə rəsmisi: Üç rayonda yeni Ailə Mərkəzinin yaradılması istiqamətində işlər aparılır
Bakı, 27 oktyabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) əsas missiyası həssas kateqoriyadan olan ailələrin, şəxslərin, o cümlədən uşaqların müəyyənləşdirilməsi və onlara psixososial dəstəyin göstərilməsidir. Mərkəzlər ailə institutunun milli-mənəvi dəyərlər əsasında möhkəmləndirilməsi, ailələrin maarifləndirilməsi, ailədaxili münasibətlər çərçivəsində uşaqların hüquq və mənafelərinin qorunması, valideynlərin və mütəxəssislərin bilik və bacarıqlarının artırılması, nümunəvi ailə dəyərlərinin yaşadılması və gələcək nəslin sağlam yetişdirilməsi istiqamətində maarifləndirici layihə və proqramların təşkili və həyata keçirilməsi sahəsində fəaliyyət göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dövlət Komitəsinin əməkdaşı Ülviyyə Usubova deyib.
O bildirib ki, mərkəzlər həssas kateqoriyadan olan ailələrin problemlərinin həlli istiqamətində aidiyyəti qurumlar, idarə, müəssisə və təşkilatlarla əməkdaşlıq edərək həmin ailələrin cəmiyyətə inteqrasiyasına və qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına dəstək göstərirlər. Eyni zamanda, gənclər və yeni ailə quran şəxslərlə “Ailə həyatına hazırlıq” proqramı çərçivəsində işlər aparılır, ailələrin daha möhkəm təməllər üzərində formalaşmasına kömək göstərilir.
“Mərkəzlərə daxil olan müraciətlər əsasən psixoloji konsultasiya, Denver II qiymətləndirmə testi, Mərkəzlərlə əməkdaşlıq, maarifləndirmə tədbirlərinin təşkili, aliment, həmçinin müxtəlif sosial məsələlərlə bağlıdır. Bunlara əlilliyin müəyyənləşdirilməsi, ünvanlı sosial yardımın təyin edilməsi, müalicə və məşğulluq məsələləri daxildir. Bununla yanaşı, təhsildən yayınma, erkən evlilik, məişət zorakılığı və hüquqi məsələlərlə bağlı müraciətlər də əsas yer tutur”, - deyə Dövlət Komitəsinin əməkdaşı əlavə edib.
Ü.Usubova qeyd edib ki, həssas kateqoriyadan ailələr və uşaqlarla aparılan işlər nəticəsində onların cəmiyyətə inteqrasiyasına, ailədaxili münasibətlərin normallaşmasına və müxtəlif ailə problemlərinin həllinə nail olunub. Hazırda isə Dövlət Komitəsinin tabeliyində Şamaxı, Füzuli və Qazax rayonlarında üç Ailə Mərkəzinin fəaliyyətinin təşkili istiqamətində işlər görülür. Eyni zamanda, Mərkəzlərin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə mütəmadi təlimlər təşkil edilir və müvafiq sahədə beynəlxalq təcrübə öyrənilir.