×
A
A
A
Sazlamalar

Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur

Tbilisi, 27 oktyabr, AZƏRTAC

Gürcüstan Dəmir Yolları Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalında əsaslı təmir-bərpa işlərinə başlayıb.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində vağzalın birinci, ikinci və üçüncü platformaları tamamilə yenidən qurulacaq.
Mövcud platformaların söküntü işləri başa çatmaq üzrədir və onların yerində daha hündür, müasir standartlara cavab verən platformalar inşa ediləcək. İşlər, həmçinin platformalar arasındakı yeraltı keçidin və vağzal binasından platformalara enən pilləkənlərin yenilənməsini də əhatə edir.
Layihəyə əsasən, mövcud eskalatorlar sökülərək dörd yeni və müasir mexanizm quraşdırılacaq, sərnişinlərin rahatlığı üçün gözləmə zonaları əsaslı şəkildə təmir olunacaq. Bununla yanaşı, təhlükəsizliyin təmin edilməsi məqsədilə platformalarda yanğın siqnalizasiya sistemləri və qəza işıqlandırması quraşdırılacaq.
Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalının yenilənməsi layihəsinin ümumi dəyəri təxminən 7 milyon lari təşkil edir. Təmir işlərinin 2027-ci ilin payızında başa çatdırmağı planlaşdırır.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2026-10-27 12:02:00