


Qazaxda icra nümayəndələri üçün kibermaarifləndirmə və süni intellekt təlimi keçirilib
Qazax, 27 oktyabr, AZƏRTAC
Qazaxda “İcra hakimiyyətlərində kibermaarifləndirmə və süni intellektdən təhlükəsiz istifadə” mövzusunda təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən təlim 2026–2028-ci illər üçün rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.13-cü yarımbəndinin icrası məqsədi daşıyıb.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təyin etdiyi təlimçi, kibertəhlükəsizlik mütəxəssisi Nadir Cabbarlı, icra hakimiyyətinin aparatının əməkdaşları, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, kommunal xidmət sahələrinin məsul şəxsləri iştirak ediblər.
Çıxış edənlər rəqəmsal təhlükəsizlik və süni intellektdən düzgün istifadəyə dair maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb. Təlimin təşkilinə görə aidiyyəti qurumlara təşəkkürünü bildiriblər.
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təşkil etdiyi təlim çərçivəsində kibermaarifləndirmə və süni intellekt bacarıqları barədə ətraflı məlumat verilib, rəqəmsal mühitdə təhlükəsiz davranışın əhəmiyyətindən danışılıb.
Təlimin əvvəlində və sonunda yazılı sorğu keçirilib, iştirakçıların mövzu üzrə məlumatlılıq səviyyəsi qiymətləndirilib.
Müxbir -Ruslan Novruzoğlu