×
A
A
A
Sazlamalar

Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib

Bakı, 27 oktyabr, AZƏRTAC

AMEA Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II Respublika elmi konfransının materialları nəşr olunub.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
“Elm və təhsil” nəşriyyatında çapdan çıxan topluda konfransın plenar iclasında təqdim olunan çıxışlarla yanaşı, 103 elmi məruzə yer alıb. Məqalələrdə Qərbi Azərbaycan folklorunun müxtəlif janr və istiqamətləri, mərasim və mifoloji ənənələr, ozan-aşıq sənəti, xalq poeziyası, dialekt və şivələr, toponimika, tarixi yaddaş, milli kimlik və mədəni irs məsələləri araşdırılıb.
Nəşrdə, həmçinin Qərbi Azərbaycan folklor nümunələrinin toplanması və nəşri, folklor mətnlərinin tədris prosesində istifadəsi, yurd itkisi və vətən həsrətinin şifahi ənənədə ifadəsi, kollektiv yaddaşın qorunması, eləcə də süni intellektin Qərbi Azərbaycan mövzusunun tədqiqində tətbiqi imkanları ilə bağlı araşdırmalar təqdim olunub. Məqalələr folklorşünaslıq, tarix, dilçilik, ədəbiyyatşünaslıq və mədəniyyət araşdırmalarının müxtəlif istiqamətlərini əhatə edir. Kitab Qərbi Azərbaycan folklorunun elmi əsaslarla öyrənilməsi, bölgənin zəngin şifahi irsinin sistemləşdirilməsi və bu sahədə aparılan tədqiqatların nəticələrinin elmi ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətli nəşrlərdəndir.

Müxbir - Tünzalə Arazlı

Elm və təhsil 2026-10-27 11:55:00