


Bağçalarda yeni inkişafetdirici layihə: “Yaradaq, quraq!”
Bakı, 27 oktyabr, AZƏRTAC
Bakıdakı məktəbəqədər təhsil müəssisələrində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Yaradaq, quraq!” layihəsi həyata keçirilir.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədi uşaqlarda yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, ətraf mühitə, tarixə, memarlıq sahəsinə maraq oyatmaq, komanda şəklində işləmək vərdişlərini formalaşdırmaq, milli-mənəvi dəyərlərimizi yaşatmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir. Həmçinin uşaqlarda ekoloji mədəniyyətin və təbiətə sevgi hissinin formalaşdırılması, onların xəyal gücünün və yaradıcılıq potensialının üzə çıxarılması layihənin əsas hədəflərindəndir.
Layihə “Sabahın yaşıl möcüzəsi”, “Balaca əllərin böyük ixtiraları”, “Tarixin naxışları” və “Xəyalımdakı şəhər” istiqamətləri üzrə təşkil olunur. Layihə çərçivəsində məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqlar öz bacarıq və istedadlarını nümayiş etdirir, maraqlı fikirlər irəli sürür, yaradıcı fəaliyyətlərdə iştirak edir və gələcəyin böyük kəşflərinə doğru ilk addımlarını atırlar.