


İki dahi sənətkarın ortaq ədəbi-fəlsəfi irsi bir arada: yeni elmi toplu çap olunub
Bakı, 27 oktyabr, AZƏRTAC
“Azərbaycan ədəbiyyatşünaslığında Nizami Gəncəvi və Əlişir Nəvai (müqayisəli araşdırmalar)” adlı toplu nəşr olunub.
Bu barədə AZƏRTAC-a AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan bildirlib.
Nəşri tərtib edən və “Ön söz” müəllifi Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətovadır. Azərbaycan ədəbiyyatşünaslığında Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığının müqayisəli araşdırılmasına həsr olunmuş bu kitabda müxtəlif illərdə nəşr edilmiş elmi məqalələr ilk dəfə sistemli şəkildə bir araya gətirilib.
Toplu Azərbaycan nizamişünaslığı və nəvaişünaslığında formalaşmış elmi ənənənin əsas istiqamətlərini, iki böyük sənətkarın ideya-estetik irsinin, “Xəmsə” ənənəsinin, poetik düşüncə və sənətkarlıq xüsusiyyətlərinin, obrazlar aləminin və ədəbi əlaqələrinin müqayisəli tədqiqinə dair elmi baxışların inkişaf mərhələlərini əks etdirir. Bu dəyərli toplu – sadəcə iki böyük dahi sənətkarın irsini deyil, bütöv bir türk-İslam təfəkkürünün, ortaq ədəbi-fəlsəfi yaddaşının qovuşma nöqtəsini özündə ehtiva edən elmi bir hadisədir. Azərbaycan ədəbi fikrinin əbədi zirvəsi Nizami Gəncəvi və özbək xalqının dahi mütəfəkkiri Əlişir Nəvai – zaman və məkan fərqliliyinə baxmayaraq, bəşəriyyətə eyni humanizm, ədalət, kamil insan və ali sevgi ideyalarını aşılayan iki sönməz günəşdir.
Kitab filoloqlar, şərqşünaslar, ədəbiyyatşünaslar, ali məktəb müəllimləri, doktorantlar, magistrantlar və klassik ədəbi irsin tədqiqi ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.
Müxbir - Tünzalə Arazlı