×
A
A
A
Sazlamalar

Azərbaycan-Almaniya Biznes Şurasının təsis iclası keçiriləcək

Bakı, 27 oktyabr, AZƏRTAC
Qarşılıqlı əməkdaşlığı daha da genişləndirmək və biznes mühitini yaxşılaşdırmaq məqsədilə yaxın vaxtlarda Azərbaycan-Almaniya Biznes Şurasının təsis iclası keçiriləcək. Bu Şuranın fəaliyyətə başlaması hər iki ölkənin iş adamları və biznes strukturları arasında əlaqələr yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Almaniya Federativ Respublikasının Azərbaycandakı diplomatik missiyasının rəhbərinin müavini Tereza Lyunnemann Bakıda keçirilən Almaniya-Azərbaycan biznes konfransında çıxış edərək deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin iyul ayında Berlinə baş tutmuş səfəri qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayacaq: “Azərbaycan ilə Almaniya arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq imkanlarının daha da artması üçün şərait var və hər iki dövlət enerji, nəqliyyat, tranzit sahələrində əməkdaşlıqda maraqlıdırlar”.
"Azərbaycan Prezidentinin Almaniyaya səfəri çərçivəsində iki dövlətin liderləri İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə imzalayıblar və bu sənəddə tərəflərin ilk növbədə, iqtisadi sahədə qarşılıqlı fəaliyyəti dərinləşdirmək niyyəti təsbit olunub. Bu, praktiki olaraq Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasında öz əksini tapıb. Hər iki tərəfin biznes qurumları Şuranın rəsmi iclasının keçiriləcəyi vaxtı maraqla gözləyirlər. Bu Şura çox səmərəli olaraq qarşılıqlı sərmayə yatırımı üçün şərait yaradacaq, iş adamlarını məlumatlandıracaq və digər məsələlərin həlli ilə məşğul olacaq”, - deyə diplomat vurğulayıb.

İqtisadiyyat 2026-10-27 11:13:00