


Kiyev ballistik raketlərlə vurulub, ölən və xəsarət alanlar var
Kiyev, 27 oktyabr, AZƏRTAC
Rusiya ordusu oktyabrın 26-sı axşam saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərini ballistik raketlərlə vurub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, axşam saatlarında Kiyevdə güclü partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemi aktiv işə düşüb. Yerli monitorinq qruplarının yaydığı məlumata görə, Kiyevə 5-6 ballistik raket atılıb. Əsas hədəf isə enerji infrastrukturları olub.
Kiyev şəhər meri Vitali Kliçkonun açıqlamasına görə, hava zərbələri nəticəsində paytaxt sakinlərindən 7 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib. Həmçinin Kiyevin Dnepropetrovsk rayonunda iki tibb məntəqəsində dağıntılar qeydə alınıb. Hava hücumu zamanı bu rayonun supermarketi dağılıb, azı bir nəfər həlak olub. Xəsarət alanlar arasında hadisə yerinə gələn tibb işçiləri də var.
Hazırda Kiyevə zərbə dronları ilə hava hücumu davam edir.