×
A
A
A
Sazlamalar

Bakı Gənclər Mərkəzi Zəfərin 6-cı ildönümü ilə bağlı 44 günlük fəaliyyət planı həyata keçirir

Bakı, 20 oktyabr, AZƏRTAC
Bakı Gənclər Mərkəzi tarixi Zəfərin 6-cı ildönümü ərəfəsində gəncləri milli yaddaş, vətənpərvərlik və ictimai məsuliyyət ətrafında birləşdirən 44 günlük xüsusi fəaliyyət planını həyata keçirir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan xalqının milli qürur və birlik rəmzinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı və xalqımızın həmrəyliyi nəticəsində əldə olunan Zəfər gənc nəslin dünyagörüşündə də yeni mərhələnin əsasını qoyub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva deyib.
O bildirib ki, Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Gənclər Mərkəzi bu tarixi irsin gələcək nəsillərə ötürülməsini fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib: “Nazirliyin davamlı dəstəyi ilə Mərkəzdə gənclərin vətənpərvərlik ruhunda yetişməsinə, milli-mənəvi dəyərlərə bağlılığına və ictimai fəallığının artırılmasına xidmət edən müxtəlif layihələr həyata keçirilir. Artıq 5 ildir ki, Mərkəz tərəfindən sentyabrın 27-dən noyabrın 8-ni əhatə edən dövr üçün 44 günlük xüsusi fəaliyyət planı hazırlanır. Proqramın əsas məqsədi Zəfər tarixini yalnız xatırlatmaq deyil, gəncləri bu tarixin yaşadılmasında fəal iştirakçıya çevirməkdir. Builki proqram çərçivəsində şəhid ailələrinin ziyarəti, qazilər və müharibə iştirakçıları ilə “Qəhrəmanlarla üz-üzə” görüşləri, Anım Gününə həsr olunmuş tədbir və sərgilər, Hərb Tarixi Muzeyinə infotur təşkil olunur. “Şanlı Zəfərimiz” adlı universitetlərarası intellektual oyun, şəhidin xatirəsinə həsr edilmiş şahmat turniri, “Cəngavər” airsoft turniri, idman fəaliyyətləri və 44 gəncin iştirakı ilə hazırlanması nəzərdə tutulan videoçarx proqramın diqqətçəkən layihələrindəndir. “Vətənə Hazıram” hərbi məktəb layihəsi isə gənclərdə intizam, komanda ruhu, məsuliyyət və Vətənə xidmət anlayışının gücləndirilməsinə istiqamətlənib”.
Direktorun sözlərinə görə, Mərkəzin fəaliyyətində şəhid ailələri ilə davamlı əlaqələrin qorunması xüsusi yer tutur: “Ailələrin ziyarət edilməsi, Mərkəzin tədbirlərinə dəvət olunması və ehtiyac yarandıqda ödənişsiz psixoloji dəstəyin göstərilməsi bu istiqamətdə görülən işlərin mühüm hissəsidir. Vətənpərvərlik yalnız müəyyən tarixlərdə keçirilən tədbirlərlə məhdudlaşmamalıdır. Bizim əsas prinsipimiz budur: qəhrəmanlarımızı unutmuruq, unutdurmuruq. İstəyirik ki, gənclərimiz şəhidlərimizin həyatını, qəhrəmanlığını və bizə əmanət etdikləri dəyərləri yaxından tanısınlar. Ən böyük uğurumuz isə gənclərin bu prosesdə sadəcə iştirakçı deyil, təşəbbüskar kimi çıxış etməsidir”.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayının iştirakçısı olmuş Nərgiz Babayeva qeyd edib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi gənclər siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərə bağlı, savadlı, vətənpərvər və məsuliyyətli nəslin formalaşdırılmasıdır: “Zəfərə layiq gələcək qurmaq hər birimizin məsuliyyətidir. Şəhidlərimizin əmanətinə sədaqət yalnız onları xatırlamaqla deyil, yaxşı təhsil almaq, vicdanla çalışmaq və dövlətimizə faydalı olmaqla da ifadə olunur. Bizim məqsədimiz Zəfər ruhunu gənclərin düşüncəsində və gündəlik fəaliyyətində yaşatmaqdır. Bakı Gənclər Mərkəzinin 44 günlük fəaliyyət proqramı da məhz bu məqsədə xidmət edir: tarixi yaddaşı qorumaq, qəhrəmanlarımızın irsini yaşatmaq və Zəfərin dəyərlərini gələcəyə daşıyan gənclik yetişdirmək”.

İdman 2026-10-20 11:42:00