×
A
A
A
Sazlamalar

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bakı, 17 oktyabr, AZƏRTAC

“Neftçi” bu gün yaxşı oynadı. Şükürlər olsun ki, uduzmadıq və bir xal qazana bildik. Buna görə sevincliyik. Ümid edirəm ki, növbəti matçlarda daha yaxşı çıxış edəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Premyer Liqanın VIII turunda “Neftçi” ilə 3:3 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, 3:1 hesabı ilə geridə olduqları vaxt belə nəticəni dəyişə biləcəklərinə inandıqlarını bildirib: “Əlbəttə, inanırdıq. Komandamızda çox yaxşı futbolçular var. Bir qədər də şansımız gətirdi və hesabı bərabərləşdirdik”.
Qapıçı çempionatda rəqabətin çətinləşdiyini də vurğulayıb. Onun sözlərinə görə, komandaların heyətində legionerlərin çoxluğu yerli futbolçuların oyun praktikasına təsir edir: “Hazırda çempionatda vəziyyət bir qədər çətindir. Görürsünüz ki, komandalar 11 legionerlə oynaya bilirlər. Dünyada da vəziyyət belədir. İngiltərə çempionatına baxsanız, orada da çoxlu legioner futbolçu var. Məncə, bəzi azərbaycanlı futbolçular 100 faiz əcnəbi oyunçulardan daha güclüdürlər. “Neftçi”nin heyətində də legionerlər çoxdur və əsasən onlar oynayırlar. Yerli futbolçulardan Emin Mahmudov, Rüfət Abbasov, Emil Səfərov, Elvin Bədəlov meydana çıxırlar. Buna görə də hazırda çempionatda mübarizə aparmaq bir qədər çətindir”.
Qeyd edək ki, bu nəticədən sonra “ağ-qaralar" 17 xalla turnir cədvəlinin ikinci, eyni xala malik “köhlən atlar" isə üçüncü pillədə qalıb.

İdman 2026-10-17 23:28:00