


Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi
Bakı, 17 oktyabr, AZƏRTAC
Müasir beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi dəyişikliklər, təhlükəsizlik çağırışlarının mürəkkəbləşməsi və qlobal iqtisadi əlaqələrin yeni istiqamətlər üzrə formalaşması dövlətlər arasında dialoqun və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə Azərbaycanın beynəlxalq proseslərdə fəal iştirakı, müxtəlif regionlar arasında siyasi və iqtisadi əlaqələrin inkişafına verdiyi töhfələr, eləcə də mühüm beynəlxalq platformalarda irəli sürdüyü təşəbbüslər ölkəmizin Avrasiya məkanında artan rolunu nümayiş etdirir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.
O deyib ki, Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və çoxtərəfli diplomatiyada fəal mövqeyinin parlaq təzahürüdür. Azərbaycan Avrasiya məkanında siyasi dialoqun və qarşılıqlı etimadın möhkəmləndirilməsi, region dövlətləri arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi, nəqliyyat-logistika bağlantılarının inkişafı istiqamətində mühüm addımlar atır.
“Prezident İlham Əliyevin Zirvə Görüşündəki çıxışında qeyd etdiyi kimi, coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Azərbaycan ötən illər ərzində dövlətimizin başçısının müdrik rəhbərliyi ilə beynəlxalq münasibətlər sistemində güclü mövqeyə malik ölkəyə çevrilib. Azərbaycan öz coğrafi mövqeyinin yaratdığı imkanları siyasi və iqtisadi üstünlüklərə çevirməyə nail olub”,- deyə Şahin İsmayılov vurğulayıb.
Milli Məclisin komitə sədri diqqətə çatdırıb ki, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşan, daxili işlərə qarışmama prinsipinə əsaslanan müstəqil xarici siyasət yürüdən Azərbaycan hər zaman ikili standartlarla üz-üzə qalıb. Ölkəmizin təxminən otuz il ərzində üzləşdiyi işğal faktı, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin icrasız qalması və ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların nəticə verməməsi beynəlxalq təhlükəsizlik mexanizmlərinin səmərəliliyi ilə bağlı ciddi suallar ortaya qoymuşdu. Dövlətimizin başçısı bu məsələləri AQEM kimi geniş çoxtərəfli platformanın gündəliyinə gətirməklə Azərbaycanın tarixi təcrübəsi əsasında beynəlxalq münasibətlər sistemində daha ardıcıl və məsuliyyətli yanaşmanın vacibliyini diqqətə çatdırmış oldu. Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq.
“Azərbaycan ərazi bütövlüyünü və suverenliyini öz gücü hesabına tam bərpa etdi. Eyni zamanda, ölkəmizin hərbi Qələbədən sonra sülh təşəbbüsü ilə çıxış etməsi göstərir ki, Azərbaycanın əsas məqsədi regionda davamlı təhlükəsizliyin və sabitliyin təmin olunmasıdır”, – deyə Şahin İsmayılov qeyd edib.