×
A
A
A
Sazlamalar

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Kiyev, 17 oktyabr, AZƏRTAC

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun bu ölkə qoşunlarının Donetsk və Zaporojye vilayətlərində irəliləməsi ilə bağlı açıqlamaları həqiqəti əks etdirmir.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü, mayor Andrey Kovalyov deyib.
Onun sözlərinə görə, döyüş meydanında ciddi uğurlar əldə edə bilməyən Rusiya ordusunun rəhbərliyi ictimaiyyətdə böyük qələbələr qazanıldığı barədə yanlış təsəvvür yaratmağa davam edir.
“Bunun növbəti nümunəsi Gerasimovun açıq-aşkar yalanlara, manipulyasiyalara və şişirdilmiş məlumatlara əsaslanan məruzəsi olub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında döyüş təmas xəttindəki vəziyyətlə bağlı Rusiya komandanlığının yalan bəyanatlarını təkzib edən faktlar var”, – deyə Kovalyov bildirib.
Onun sözlərinə görə, Gerasimovun öz məruzəsində sentyabrın 1-dən etibarən Rusiya qoşunlarının Ukrayna ərazisinin 1800 kvadratkilometrdən çox hissəsini və 92 yaşayış məntəqəsini nəzarət altına aldığını deməsi həqiqətə uyğun deyil. “Əslində, Ukrayna Müdafiə Qüvvələrinin fəal əməliyyatları nəticəsində payızın əvvəlindən indiyədək azad edilmiş ərazilərin sahəsi Rusiya ordusunun ələ keçirdiyi ərazilərin sahəsindən daha çoxdur. Gerasimovun Dobropolya şəhərinin ələ keçirilməsi ilə bağlı açıqlamaları da həqiqəti əks etdirmir. Şəhər Ukraynanın nəzarəti altındadır. Bu, Rusiya rəhbərliyinin arzuladığını reallıq kimi təqdim etməyə çalışdığı ilk hal deyil. Konstantinovka və Alekseyevo-Drujkovka şəhərlərinin ələ keçirilməsi, eləcə də Rusiya qoşunlarının Kramatorskun ətrafına çatması barədə iddialar da yalandır. Oktyabrın 17-si səhər saatlarına olan məlumata görə, Konstantinovkada Ukrayna Müdafiə Qüvvələrinin mövqeləri qalır və döyüşlər davam edir. Rusiya qoşunlarının Kramatorska çatması barədə açıqlamalar da cəbhədəki real vəziyyətə uyğun deyil. Rusiya qoşunlarının Slovyansk şəhərinin ətrafında hücuma keçməsi və Nikolayevka ərazisinin 50 faizindən çoxuna nəzarəti ələ keçirməsi barədə iddialar da həqiqəti əks etdirmir. Əslində, kiçik bir qrup Nikolayevkanın cənub hissəsinə yaxınlaşıb. Ukrayna Müdafiə Qüvvələri həmin qrupun məhv edilməsi üçün zərbə və axtarış əməliyyatları keçirir. Gerasimov Orexov uğrunda döyüşlərin getdiyini, Novopavlovka və Novoandreyevka yaşayış məntəqələrinin ələ keçirildiyini bildirib. Oktyabrın 17-nə olan məlumata görə, hər üç yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Rusiya qoşunlarının Zaporojye şəhərinə cənubdan 5 kilometrədək yaxınlaşması barədə iddia da həqiqətə uyğun deyil. Döyüş təmas xətti uzun müddətdir vilayət mərkəzindən 22 kilometr məsafədə yerləşir. Dnepropetrovsk vilayətindəki Velikomixaylovka yaşayış məntəqəsinin ələ keçirilməsi barədə açıqlama da növbəti uydurmadır. Rusiya ordusu bu yaşayış məntəqəsinin guya ələ keçirildiyi barədə dəfələrlə məlumat yayıb və bununla arzularını reallıq kimi təqdim etməyə çalışıb. Oktyabrın 17-nə olan məlumata görə, Velikomixaylovka Ukraynanın nəzarəti altındadır, döyüş təmas xətti isə yaşayış məntəqəsindən 8 kilometr şərqdə yerləşir”, - deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü diqqətə çatdırıb .

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2026-10-17 21:14:00