


Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB
Paris, 17 oktyabr, AZƏRTAC
Fransada oktyabrın 17-də keçirilən aksiyalarda təxminən 800 min nəfər iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu barədə aksiyaların təşkilatçıları bildiriblər.
Qeyd olunub ki, Paris, Lion və Marsel də daxil olmaqla, bir sıra şəhərlərdə nümayişlər zamanı zorakılıq halları qeydə alınıb.
Fransanın Baş naziri Sebastyan Lökornü aksiyalarda zorakılıqların baş verməsinə münasibət bildirib. O, sosial şəbəkədə paylaşım edərək, hökumətin təzyiqlər qarşısında geri çəkilməyəcəyini vurğulayıb və nümayişlər zamanı zorakı hərəkətlərə yol açmaq istəyənləri xəbərdar edib.
Baş nazir polis və jandarm qüvvələrinin fəaliyyətinə dəstək ifadə edib.
18:57
Fransanın bir sıra şəhərlərində oktyabrın 17-də keçirilən etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, paytaxt Parisdə nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar qeydə alınıb. Polis gözyaşardıcı qazdan və su şırnaqlı maşından istifadə edib. Paris Polis Prefekturası 100-dən çox şəxsin saxlanıldığını açıqlayıb. Səhər saatlarından etibarən, xüsusilə dəmir yolu vağzallarının yaxınlığında yoxlamalar aparılıb. Həmçinin Parisdə həmkarlar ittifaqlarının birgə təşkil etdiyi yürüşün və “sarı jiletlilər”in Respublika meydanından Klişi meydanına doğru hərəkət etməsinə icazə verilib. Bununla yanaşı, paytaxtın bir sıra ərazilərində toplantılar qadağan edilib. Qadağanı pozanları 135 avro cərimə gözləyir.
Marseldə isə nümayişçilər bələdiyyə polisinin bölməsinə və meriyaya daxil olublar. Marselin 3-cü rayonunda yerləşən polis bölməsində şüşələr sındırılıb və tüstü fişəngləri atılıb. Prefektura bələdiyyə polisinin bölməsinə ziyan dəydiyini bildirib.
Lionda səhər saatlarında yolların bağlanması cəhdləri qeydə alınıb, bir neçə qrup polis tərəfindən dağıdılıb.
Renn şəhərində isə etirazçılar dairəvi avtomobil yolunda barrikadalar qurublar.
Marsel, Nansi və Lill şəhərlərində də səhər saatlarında yolların bağlanması halları müşahidə olunub.