


Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
Qazax, 16 oktyabr, AZƏRTAC
Qazaxda Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin, YAP-ın rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, ziyalılar, ağsaqqallar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinin qarşıdakı dövrün əsas vəzifələrini müəyyənləşdirdiyini bildirib. O deyib: “Qarşıdakı dövrdə əsas vəzifələrimiz əldə olunmuş nəticələrin qorunması, ölkəmizin inkişafının davam etdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və cəmiyyətin ideoloji təhlükələrdən qorunmasıdır”.
Müşavirədə qeyd edilib ki, hər bir rayonun və şəhərin inkişafı bütövlükdə Azərbaycanın inkişafına töhfə verir. Buna görə də qarşıdakı dövrdə bütün sahələrdə daha məsuliyyətli, çevik və nəticəyönümlü fəaliyyət göstərilməlidir.
Çıxışlarda YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolu, Azərbaycanın əldə etdiyi nailiyyətlər və qurultayda müəyyənləşdirilən vəzifələr barədə fikirlər səsləndirilib. Həmin vəzifələrin yerinə yetirilməsində fəallığın və məsuliyyətin artırılmasının vacibliyi vurğulanıb.
Müxbir - Ruslan Novruzoğlu