×
A
A
A
Sazlamalar

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də Fransada yanacağın bahalaşmasına və alıcılıq qabiliyyətinin azalmasına etiraz olaraq keçiriləcək aksiyalarda 140 minə qədər insanın iştirakı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə RMC radiostansiyası Fransa hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Məlumata görə, Daxili İşlər Nazirliyinin Ərazi Kəşfiyyatı Baş İdarəsi Parisdən kənarda keçiriləcək nümayişlərdə 50-100 min, paytaxtda isə 20-40 min insanın iştirak edəcəyini proqnozlaşdırır.
BFMTV telekanalının məlumatına görə, aksiyalara taksi sürücüləri, tibb və tikinti işçiləri, həmkarlar ittifaqlarının nümayəndələri, məktəblilər və “sarı jiletlilər” hərəkatının keçmiş iştirakçıları da qoşula bilərlər.
Bununla yanaşı, Fransada sentyabrın sonlarından başlayan məktəbli etirazları da davam edir. Nümayişçilər dərs yükünün çoxluğu, müəllim çatışmazlığı və təhsil sistemindəki problemlərə etiraz edirlər.

Dünya 2026-10-16 01:11:00