


Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Uqandada “Ebola” virusunun “Bundibugyo” variantına qarşı yeni peyvəndin klinik sınaqlarının birinci mərhələsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Africanews” məlumat yayıb.
Oksford Universitetinin mütəxəssisləri tərəfindən hazırlanan “ChAdOx1 BDBV” peyvəndinin sınaqları ölkənin cənubundakı Masaka şəhərində keçirilir. Tədqiqatda 110 könüllünün iştirakı nəzərdə tutulur.
Mütəxəssislərin sözlərinə görə, birinci mərhələdə peyvəndin təhlükəsizliyi və immun reaksiyası yaratmaq qabiliyyəti qiymətləndiriləcək. Könüllülərin sağlamlıq vəziyyəti 12 ay ərzində izləniləcək.
Hindistanın Serum İnstitutu gələcək istifadə üçün eksperimental peyvəndin təxminən 620 min dozasını istehsal edib. Klinik sınaqlar üçün isə Uqandaya təxminən 3 min doza göndərilib.
“Bundibugyo Ebola” virusunun peyvəndi hələ qeydiyyatdan keçməyib. Hazırkı sınaqların məqsədi peyvəndin effektivliyini deyil, ilk növbədə təhlükəsizliyini və immun reaksiyasını qiymətləndirməkdir.