×
A
A
A
Sazlamalar

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Bakı, 15 oktyabr, AZƏRTAC

Amerikanın elektrik avtomobili istehsalçısı “Tesla” Almaniyanın Qrünheide şəhərində yerləşən zavodunun istehsal gücünü ikiqat artırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə DPA agentliyi şirkət nümayəndəsinə istinadla məlumat yayıb.
Məlumata görə, şirkət 2026-cı ilin sonunadək zavodun genişləndirilməsi üçün əlavə icazə almaq məqsədilə müraciət etməyi nəzərdə tutur. Layihə çərçivəsində yeni istehsal müəssisəsinin tikintisi planlaşdırılır.
Genişləndirmə nəticəsində zavodun illik avtomobil istehsalı gücünün 500 mindən 1 milyona çatdırılması, batareya istehsalının isə ildə 100 giqavatt-saata qədər artırılması nəzərdə tutulur.
Hazırda zavodda təxminən 12 600 nəfər çalışır. Şirkət istehsalın genişləndirilməsi çərçivəsində əlavə iş yerlərinin yaradılmasını da planlaşdırır.
Bununla belə, zavodun genişləndirilməsi yerli sakinlər və ətraf mühit fəalları arasında narahatlıq doğurur. Onlar layihənin su ehtiyatlarına və ətraf mühitə mümkün təsirlərinə diqqət çəkirlər.

Dünya 2026-10-15 23:16:00