


Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH
Bakı, 15 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə Görüşündəki çıxışı yalnız Azərbaycan-Ermənistan münaqişəsinin tarixi və nəticələri ilə bağlı mövqenin ifadəsi deyildi. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər, əslində, müasir beynəlxalq münasibətlər sisteminin ən ciddi problemlərindən birinə – beynəlxalq hüququn qəbul olunmuş norma və prinsiplərinin icrasını təmin edən mexanizmlərin zəifliyinə diqqət çəkdi. Azərbaycanın təcrübəsi göstərdi ki, beynəlxalq hüquq yalnız sənədlərdə təsbit olunmuş müddəalardan ibarət ola bilməz. Qəbul edilmiş qərarların icrasını təmin edən real mexanizmlər olmadıqda, hüquqi normalar zamanla siyasi bəyanatlara çevrilir, təcavüzkar isə cəzasızlıq mühitindən istifadə edərək mövcud vəziyyəti daha da möhkəmləndirməyə çalışır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin həmin qətnamələr təxminən otuz il ərzində kağız üzərində qalıb. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən dəstəklənsə də, bu hüquqi mövqenin praktiki təminatı üçün təsirli addımlar atılmayıb. Məhz bu cəzasızlıq mühiti Ermənistanın keçmiş rəhbərliklərində işğalın nəticələrini daimi vəziyyətə çevirməyin mümkünlüyü barədə yanlış təsəvvür yaradıb. Ermənistanın üç keçmiş prezidentinin hakimiyyəti dövründə Azərbaycan torpaqlarının işğalı davam etdirilib, yüz minlərlə insan doğma yurdlarından didərgin salınıb, şəhər və kəndlər dağıdılıb, Azərbaycan xalqına qarşı ağır cinayətlər törədilib. Xocalı soyqırımı, mülki əhaliyə qarşı zorakılıq, yaşayış məntəqələrinin məqsədli şəkildə dağıdılması, tarixi və dini abidələrin məhv edilməsi baş verənlərin ayrı-ayrı epizodlar deyil, uzun illər davam etdirilən siyasətin tərkib hissəsi olduğunu göstərib.
Deputat qeyd edib ki, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra əvvəlki siyasətdən imtina ediləcəyinə dair müəyyən gözləntilər yaransa da, sonrakı hadisələr bunun əksini göstərib. Ermənistanın yeni rəhbərliyi də bir müddət sələflərinin təhlükəli siyasi xəttini davam etdirib. 2019-cu ildə Ermənistanın Baş naziri Nikol Paşinyanın işğal altında olan Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi danışıqlar prosesinin mahiyyətini faktiki olaraq şübhə altına alıb. Bundan başqa, Ermənistanın o dövrdəki müdafiə naziri tərəfindən “yeni ərazilər uğrunda yeni müharibə” çağırışının səsləndirilməsi qarşı tərəfin kompromis və sülh əvəzinə mövcud status-kvonu genişləndirmək siyasətinə üstünlük verdiyini göstərib. Bu hadisələr bir həqiqəti ortaya qoyub: təcavüz vaxtında və prinsipial şəkildə cəzalandırılmadıqda, təcavüzkar tərəfdə beynəlxalq hüququn tələblərinə məhəl qoymadan siyasi məqsədlərə nail olmağın mümkünlüyü barədə təsəvvür formalaşır.
“Azərbaycan isə illərlə səbir nümayiş etdirdi, danışıqlar prosesində iştirak etdi və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə çalışdı. Lakin vasitəçilik missiyasını üzərinə götürmüş strukturlar nəticə əldə edə bilmədilər. ATƏT-in Minsk qrupu illər ərzində münaqişənin həllindən daha çox onun idarə olunması ilə məşğul oldu və nəticədə status-kvonun dəyişməz qalmasına xidmət edən mexanizm təsiri bağışladı”, – deyən Sevinc Fətəliyeva əlavə edib ki, 2020-ci ildə Azərbaycan öz gücü hesabına beynəlxalq hüququn tələblərinin icrasını təmin edib. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunub. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərindən sonra isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa edilib. Beləliklə, Azərbaycan təxminən otuz il ərzində beynəlxalq təşkilatların təmin edə bilmədiyi hüquqi tələblərin icrasına özü nail olub. Bu, təkcə hərbi və siyasi Qələbə deyil, həm də beynəlxalq münasibətlər sistemində hüquqla reallıq arasındakı ziddiyyətin bariz nümunəsidir.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Avropa Şurası və Avropa Parlamentini beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin nümunələri kimi xarakterizə etməsi də məhz bu kontekstdə qiymətləndirilməlidir. İllərlə Azərbaycan ərazilərinin işğalına, bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə, şəhərlərin yerlə-yeksan edilməsinə lazımi siyasi reaksiya verməyən bəzi Avropa institutlarının bu gün Azərbaycana qarşı ittiham və təzyiq dilindən istifadə etməsi ciddi suallar doğurur. Əgər beynəlxalq hüquq universal xarakter daşıyırsa, onun tətbiqi də seçmə xarakter daşımamalıdır. Ərazi bütövlüyü prinsipi bir dövlət üçün fundamental hüquq, digəri üçün isə siyasi müzakirə mövzusu ola bilməz. İnsan hüquqları və beynəlxalq hüquq siyasi simpatiyalara, geosiyasi maraqlara və ya ikili standartlara uyğun tətbiq edilirsə, həmin institutların etibarlılığı və nüfuzu zərbə altına düşür. Məhz buna görə Azərbaycan uzun illər beynəlxalq təşkilatların fəaliyyətindəki ikili standartlara diqqət çəkib.
Bu gün isə artıq yeni reallıq mövcuddur. Azərbaycan milli maraqlarını, suverenliyini və təhlükəsizliyini təmin edə bilən güclü və müstəqil dövlətdir. Digər mühüm məsələ törədilmiş cinayətlərə görə hüquqi məsuliyyətin təmin olunmasıdır. Bakıda hərbi cinayətlərdə və digər ağır cinayətlərdə ittiham olunan şəxslər barəsində keçirilən məhkəmə prosesi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin həmin prosesi mahiyyət və forma baxımından Nürnberq tribunalı ilə müqayisə etməsi ilk növbədə tarixi məsuliyyət prinsipinə əsaslanır.
Deputat vurğulayıb ki, bu gün əsas vəzifə əldə edilmiş sülh imkanlarını davamlı prosesə çevirməkdir. Bunun üçün Ermənistan cəmiyyətində revanşizmə, ərazi iddialarına və militarist düşüncəyə yer qalmamalıdır. Tarixin dərslərinin qəbul edilməsi yeni qarşıdurma yaratmaq üçün deyil, keçmiş səhvlərin gələcəkdə təkrarlanmaması üçün vacibdir. Azərbaycanın keçdiyi yol beynəlxalq münasibətlər sistemi üçün də ciddi nəticələr çıxarmağa imkan verir. Əgər BMT Təhlükəsizlik Şurasının qərarlarının, beynəlxalq məhkəmələrin hökmlərinin və digər beynəlxalq təşkilatların qətnamələrinin icrasını təmin edən real və universal mexanizmlər yaradılmazsa, dünyanın müxtəlif bölgələrində eyni problemlər təkrarlanacaq. Çünki hər hansı dövlət beynəlxalq hüququ pozduqda bunun heç bir real nəticə doğurmadığını görürsə, bu, digər potensial təcavüzkarlar üçün də təhlükəli nümunəyə çevrilir.
“Məhz buna görə Prezident İlham Əliyevin səsləndirdiyi çağırış yalnız Azərbaycanın keçmişinə aid deyil. Bu, beynəlxalq təhlükəsizliyin gələcəyi ilə bağlı fundamental məsələdir. Dünya yalnız yeni qətnamələr qəbul etməklə daha təhlükəsiz olmayacaq. Əsas məsələ həmin qətnamələrin icrasını təmin etməkdir. Əks halda, beynəlxalq hüquqla siyasi reallıq arasında uçurum daha da dərinləşəcək. Azərbaycanın təcrübəsinin əsas dərsi də məhz budur: ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır. Davamlı sülh yalnız hüququn tanınması ilə deyil, onun real və istisnasız tətbiqi ilə mümkündür”, – deyə Sevinc Fətəliyeva vurğulayıb.