×
A
A
A
Sazlamalar

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) İdarə Heyətinin 2026-cı ilin III rübünün yekunlarına və qarşıdakı dövr üzrə prioritet vəzifələrə həsr olunmuş onlayn iclası keçirilib.
AAYDA-dan AZƏRTAC-a bildirilib ki, iclasda cari ilin iyul-sentyabr ayları ərzində avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri istiqamətində görülən işlər, infrastruktur layihələrinin icra vəziyyəti, tikinti keyfiyyətinə nəzarət, yol hərəkəti təhlükəsizliyi və dövlət proqramlarından irəli gələn tapşırıqların icrası müzakirə olunub.
Aidiyyəti struktur bölmələrin rəhbərləri fəaliyyət istiqamətləri üzrə hesabatlarla çıxış edərək görülmüş işlər, əldə olunan nəticələr və qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər.
Agentliyin İdarə Heyətinin sədri Vüsal Nəsirli çıxışında Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində həyata keçirilən yol infrastrukturu layihələrinin əsas prioritetlərdən olduğunu vurğulayıb. İdarə Heyətinin sədri, həmçinin paytaxtda və ölkənin digər bölgələrində aparılan yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında və keyfiyyətlə icrasının, mövcud resurslardan səmərəli istifadənin və layihələrə nəzarətin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
İclasda agentlikdə həyata keçirilən struktur və institusional islahatlar, idarəetmənin təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi, kadr potensialının gücləndirilməsi və vətəndaş məmnunluğunun artırılması məsələlərinə də toxunulub.
Sonda ilin son rübü üzrə prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib, nəzərdə tutulan işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı aidiyyəti struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

İqtisadiyyat 2026-10-15 21:45:00