


Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair rayon müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Müşavirədə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, icra hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də şəhid ailələrinin üzvləri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirir, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərin qorunması istiqamətində qarşıda duran vəzifələri önə çəkir. O, tədbirin keçirildiyi 15 oktyabr tarixinin dövlət başçımızın 2023-cü ildə ilk dəfə prezident seçildiyi günlə üst-üstə düşməsinin əlamətdarlığını da xatırladaraq keçən illər ərzində Prezident İlham Əliyevin xalqa verdiyi vədləri tam şəkildə yerinə yetirdiyini bildirib. Həmçinin vurğulanıb ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 23 il ərzində bütün sahələrdə sürətli inkişafa nail olunub, əhalinin rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi və iqtisadi potensialı artıb, beynəlxalq mövqeləri möhkəmlənib, 30 il ərzində pozulmuş ərazi bütövlüyü bərpa olunub. Bu gün regionda həyata keçirilən bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə reallaşdırılır. Azərbaycan xalqı bu uğurları nəzərə alaraq öz Prezidenti ilə, dövləti ilə haqlı olaraq fəxr edir, ona etimad göstərir və qəbul etdiyi hər bir qərarı yekdilliklə dəstəkləyir.
Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra keçirilən qurultay ölkənin yeni inkişaf mərhələsinin hədəflərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
O vurğulayıb ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttə uyğun olaraq, qarşıdakı dövrdə əsas vəzifələr əldə olunmuş nailiyyətlərin qorunması və daha da möhkəmləndirilməsi, ölkəmizin iqtisadi potensialının gücləndirilməsi, əhalinin sosial rifahının yüksəldilməsi və ideoloji təhlükəsizliyin təmin olunmasıdır. Dövlət müstəqilliyinin və dövlətçiliyin möhkəmləndirilməsi, güclü iqtisadi və hərbi potensialın qorunub saxlanılması və daha da artırılması, eləcə də mövcud imkanlardan səmərəli istifadə Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir.
Həmçinin ölkəmizin təhlükəsizlik imkanlarının və iqtisadi potensialının əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə gücləndiyi vurğulanıb, bu nailiyyətlərin qorunmasının və Azərbaycanın davamlı inkişafının təmin edilməsinin mühüm əhəmiyyət daşıdığı bildirilib.
O da qeyd edilib ki, ölkənin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər Pirallahı rayonunda da konkret layihələrlə öz əksini tapır. Vasif İmanov rayonun inkişafından danışarkən deyib ki, 2016-cı ildə yaradılmış Pirallahı Sənaye Parkında ümumi layihə dəyəri 158,3 milyon manat olan üç zavod fəaliyyət göstərir və 398 iş yeri yaradılıb. Gürgən qəsəbəsindəki istehsal müəssisəsində 100 nəfər çalışır. Rayonda fəaliyyət göstərən “NərəMİZ” balıqyetişdirmə zavodu da istehsal potensialının genişləndirilməsinə töhfə verir. Bununla yanaşı, 2019-cu ildə 306 məcburi köçkün ailəsi üçün müasir yaşayış kompleksinin istifadəyə verilməsi həmin ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addım olub.
İcra başçısı qeyd edib ki, sosial-iqtisadi inkişafla yanaşı, ictimai-siyasi sabitliyin qorunması, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi də qarşıda duran mühüm vəzifələrdəndir. Bu istiqamətdə aidiyyəti qurumların, təhsil müəssisələrinin, qəsəbə nümayəndəliklərinin, bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin birgə fəaliyyəti gücləndirilməli, ailələr və gənclərlə maarifləndirici iş sistemli şəkildə təşkil olunmalıdır. Uşaqların zərərli informasiya təsirlərindən qorunması, valideynlərin maarifləndirilməsi və sağlam dünyagörüşünün formalaşdırılması daim diqqət mərkəzində saxlanılmalıdır. Eyni zamanda, ideoloji və təbliğat işi formal xarakter daşımamalı, cəmiyyətin aktual ehtiyaclarına uyğun qurulmalıdır. Rəsmi informasiya resurslarında məlumatların operativ, dolğun və düzgün təqdim edilməsi təmin olunmalı, hər bir müəssisə və təşkilat rəhbəri dövlət başçısının müəyyən etdiyi vəzifələrin öz kollektivində izahına və dövlətçilik prinsiplərinin təbliğinə məsuliyyətlə yanaşmalıdır.
Vurğulanıb ki, Azərbaycanda İslama münasibəti heç kim şübhə altına ala bilməz. Ölkəmizdə heç bir tarixi dövrdə, heç bir ictimai-siyasi sistemdə Ulu öndər Heydər Əliyevin, daha sonra isə Prezident İlham Əliyevin dövründə olduğu qədər çoxlu sayda məscid tikilib, bərpa edilməyib. Belə ki, 2003-cü ildən bəri Azərbaycanda 800-dən artıq məscid tikilib, təmir edilib və ya yenidən qurulub. Burada Qarabağ nümunəsini xüsusilə qeyd etmək olar. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra məscidlərin və digər dini abidələrin bərpası prioritet istiqamətə çevrilib. Dövlət başçısı şəxsən bərpa olunmuş müqəddəs yerləri ziyarət edərək, ölkədə islami və mənəvi irsin qorunmasının vacibliyini vurğulayıb. Bu danılmaz faktdır.
İcra başçısı bildirib ki, aidiyyəti qurumların əlaqələndirilmiş, sistemli və nəticəyönümlü fəaliyyəti nəticəsində Pirallahı rayonunun sosial-iqtisadi inkişafı daha da sürətlənəcək, ictimai həmrəylik möhkəmlənəcək, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və dövlətimizə sadiq vətəndaşlar kimi yetişdirilməsi istiqamətində mühüm nəticələr əldə olunacaq. Güclü Azərbaycan dövlətinin daha da möhkəmləndirilməsi və ölkənin davamlı inkişafına töhfə vermək hər kəsin qarşısında duran mühüm vəzifədir.
Müşavirədə səsləndirilən məsələlərlə bağlı digər iştirakçılar da çıxış edərək müvafiq sahələr üzrə fikir və mülahizələrini bölüşüblər.
Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov müstəqilliyimizin ilk illəri və Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qayıdışından sonra ölkəmizin keçdiyi inkişaf yolu barədə danışıb. 186 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Elzamin Həsənov uşaqların təlim-tərbiyəsinin əhəmiyyətinə və bu istiqamətdə təhsil müəssisələrinin üzərinə düşən məsuliyyətə toxunub.
“28 May” Neft-Qaz Çıxarma İdarəsinin rəisi Ramin Quliyev ölkənin iqtisadi vəziyyəti, eləcə də Pirallahı rayonunun neft hasilatı göstəriciləri barədə məlumat verib. Vətən müharibəsi şəhidi Babayev Vüsal Sübbuh oğlunun həyat yoldaşı Aynur Babayeva və Vətən müharibəsi iştirakçısı Tural Cəfərov şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı ilə bağlı fikirlərini bölüşüblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sitarə Əhmədova isə dövlət ailə siyasətinin əhəmiyyətindən danışıb.
Natiqlər çıxışlarında güclü dövlətin, möhkəm dövlətçiliyin, sağlam cəmiyyətin, savadlı və vətənpərvər nəslin Azərbaycanın gələcək inkişafının əsas dayaqları olduğunu vurğulayıblar. Bu dəyərlərin qorunmasının və daha da möhkəmləndirilməsinin hər kəsin üzərinə düşən mühüm məsuliyyət olduğu qeyd edilib.
Müşavirənin yekununda icra başçısı bir daha vurğulayıb ki, hər bir rayonun və şəhərin inkişaf göstəricisi bütövlükdə Azərbaycanın inkişafını əks etdirir. Hər bir ailənin rifahı dövlətin sosial siyasətinin, hər bir uşağın düzgün tərbiyəsi və keyfiyyətli təhsili isə Azərbaycanın gələcəyinə qoyulan mühüm sərmayənin göstəricisidir.