


Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər
Ankara, 15 oktyabr, AZƏRTAC
Türkiyənin Milli Təhlükəsizlik Şurası “Terrorsuz Türkiyə” prosesi ilə bağlı yekun qərarı ilin sonunadək qəbul edə bilər.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum Ankaradakı “Çankaya” iqamətgahında jurnalistlərlə söhbətində deyib.
Onun sözlərinə görə, Türkiyənin Milli Təhlükəsizlik Şurasının qərarı hökumətin rəsmi nəşri olan “Resmi Gazete”də dərc edildikdən sonra “Milli həmrəyliyin gücləndirilməsi və sosial inteqrasiya haqqında” qanunda nəzərdə tutulan, PKK terror təşkilatı ilə əlaqəli şəxslər barəsində cinayət təqibinin və cəzaların icrasının təxirə salınması mexanizmlərinin tətbiqi üçün ayrılmış altı aylıq müddət başlayacaq.
“PKK ilə əlaqəsi olan şəxslər prokurorluq orqanlarına şəxsən və ya vəkilləri vasitəsilə müraciət edə biləcəklər”, – deyə o bildirib.
Mehmet Uçum yeni qanunu terrorizm probleminin 50 ildən sonra tamamilə aradan qaldırılması üçün bir fürsət adlandırıb.
Türkiyənin yeni Konstitusiyasının hazırlanması istiqamətində atılan addımları şərh edən M.Uçum bu il oktyabrın 1-ni “2028-ci il seçkilərindən sonra qəbul edilə biləcək yeni Əsas Qanunun mətninin hazırlanması prosesinin başlanğıcı” adlandırıb.