×
A
A
A
Sazlamalar

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

İmişli, 15 oktyabr, AZƏRTAC
Ölkəmizin müstəqilliyinin və dövlət suverenliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin olunması və dayanıqlı inkişafın davam etdirilməsi istiqamətində qarşıda duran prioritetlər daim diqqətdədir. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi və hərbi qüdrətinin gücləndirilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması, eləcə də Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinin əhəmiyyəti xüsusi önəm daşıyır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər İmişlidə Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş konfransda səsləndirilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev çıxış edərək Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr barədə danışıb. Dövlətimizin başçısının müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq qarşıya qoyulan vəzifələrin ardıcıl icrasının hər kəsin məsuliyyəti olduğu bildirilərək müstəqilliyimizin qorunmasının, dövlətçiliyimizin möhkəmləndirilməsinin və ölkəmizin gələcək inkişafının ümumi məqsədimiz olduğu diqqətə çatdırılıb. Çıxış zamanı milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi, uşaqların və gənclərin zərərli kənar təsirlərdən müdafiəsi, onların vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinin vacibliyi xüsusi qeyd edilib. İdeoloji və maarifləndirmə işinin formal deyil, nəticəyönümlü şəkildə qurulmasının, təhsil müəssisələrinin, dövlət qurumlarının, ziyalıların, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin bu istiqamətdə birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Daha sonra İmişli rayonunun sosial-iqtisadi inkişafında kənd təsərrüfatının roluna toxunulub və taxılçılıq, pambıqçılıq, heyvandarlıq və quşçuluq sahələrində əldə olunan nəticələr, məhsuldarlığın artırılması və aqrar sahənin inkişafına dair Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Məruzə ətrafında çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirov, İmişli şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Aynur Nağıyeva və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəsi Nazim Əzimov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin əhəmiyyətini vurğulayaraq, dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin ardıcıl həyata keçirilməsinin ölkəmizin gələcək inkişafı, milli birliyin və dövlətçiliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Vətən müharibəsi şəhidi Mehtizadə Rüfətin atası, Qulubəyli kənd tam orta məktəbinin müəllimi İsrail Əbilov, Vətən müharibəsi qazisi Tural Məmmədov və Əməkdar müəllim Aybəniz Abbasova çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkəmizin güclənməsindəki roluna, Azərbaycanın əldə etdiyi uğurların qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyinə toxunublar.
Konfransın sonunda qarşıya qoyulan vəzifələrin ardıcıl və səmərəli icrasının, dövlət qurumları arasında əlaqələndirilmiş fəaliyyətin təmin edilməsinin, əhalinin müraciət və qayğılarına həssas yanaşılmasının vacibliyi qeyd olunub. Bildirilib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi dövlət qurumları, müəssisə və təşkilatlar qarşısında mühüm məsuliyyət qoyur və ölkəmizin davamlı inkişafına, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, əhalinin rifahının yüksəldilməsinə xidmət edir.

Müxbir - Aydın Yavərzadə

Regionlar 2026-10-15 20:32:00