


BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
Bakı, 15 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan-Koreya Kompüter Elmləri Mərkəzində professor-müəllim heyəti üçün “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, BDU-nun İnformasiya Texnologiyaları Mərkəzinin əməkdaşı, təlimçi Nihat Qəribli dərsin müxtəlif mərhələlərində müəllim və tələbə arasında dialoqun qurulmasını təmin edən rəqəmsal alətləri təqdim edib. Təlimdə dərsin əvvəlində auditoriyanın canlı sorğular vasitəsilə fəallaşdırılması ("Mentimeter", "Slido"), dərs zamanı sualların cavablandırılması, eləcə də dərsin sonunda mövzunun oyun formatlı viktorina ilə möhkəmləndirilməsi ("Kahoot") nümunələr əsasında nümayiş etdirilib.
Həmçinin dərsdən sonrakı mərhələ üçün avtomatik yoxlanan onlayn testlərin hazırlanması ("Google Forms", "Microsoft Forms"), tapşırıqların vahid platformada toplanması, qrup işlərində ideya və tələbə yaradıcılığının onlayn lövhədə ("Padlet") bir araya gətirilməsi, eləcə də resursların QR kodla paylaşılması imkanları nəzərdən keçirilib. Təlimdə rəqəmsal alətlərdən istifadə zamanı tələbə məlumatlarının qorunması, güclü parolların təyin edilməsi və ikiaddımlı doğrulama kimi kibertəhlükəsizlik qaydalarına da xüsusi diqqət yetirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.