


Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb
Cəlilabad, 14 oktyabr, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafı üçün əsaslı zəmin yaradıb. Ölkədə sabitliyin qorunması, milli birlik və həmrəyliyin möhkəmləndirilməsi qarşıya qoyulan strateji hədəflərin reallaşdırılmasında mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Cəlilabad rayonunda Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş müşavirədə səsləndirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov qurultayda səsləndirilən fikirlərdən irəli gələn vəzifələrin vaxtında icrasının, dövlət siyasətinin yerlərdə ardıcıl həyata keçirilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının və rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün dövlət qurumlarının, YAP-ın yerli təşkilatının və ictimaiyyət nümayəndələrinin əlaqəli fəaliyyət göstərməsi mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Ağsaqqallar Şurasının Cəlilabad rayon təşkilatının sədr müavini İsa Allahverdiyev çıxışında dövlətçilik ənənələrinin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətindən danışıb. O, cəmiyyətin inkişafında ağsaqqalların üzərinə düşən məsuliyyəti vurğulayaraq, gənclərin dövlətə və dövlətçiliyə sədaqət ruhunda yetişməsində onların təcrübə və tövsiyələrinin mühüm rol oynadığını bildirib.
Şəhid atası İlqar Nadirov çıxışında şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının, Vətənə sədaqət və dövlətçilik ənənələrinin gənc nəsillərə aşılanmasının vacibliyini vurğulayıb. O, ölkədə milli birlik və həmrəyliyin qorunmasının, dövlət siyasətinin dəstəklənməsinin və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində hər kəsin üzərinə düşən məsuliyyəti dərk etməsinin əhəmiyyətini qeyd edib.
Müşavirədə digər çıxış edənlər də dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması və qarşıya qoyulan strateji hədəflərin həyata keçirilməsində yerli təşkilatların rolundan danışıblar. Onlar müəyyənləşdirilmiş vəzifələrin vaxtında icrasının, dövlət qurumları ilə YAP-ın yerli təşkilatı arasında əməkdaşlığın gücləndirilməsinin və rayonun sosial-iqtisadi inkişafı istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Müxbir- İlkin Adıyev