


Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir
Daşkəsən, 14 oktyabr, AZƏRTAC
Azərbaycanın gələcək inkişafı üçün əsas şərtlərdən biri əldə olunmuş suverenliyin siyasi sabitlik, iqtisadi tərəqqi və beynəlxalq əməkdaşlıqla möhkəmləndirilməsidir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər ölkəmizin inkişaf potensialının artırılmasına, milli maraqların qorunmasına və Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Bu fikirlər Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən, Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərə həsr olunan tədbirdə diqqətə çatdırılıb.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, müşavirədə rayon rəhbərliyi, YAP Daşkəsən rayon təşkilatının sədri, ağsaqqallar, təhsil işçiləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov çıxışında Prezident İlham Əliyevin qurultaydakı nitqinin mövcud reallıqların təhlili və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib. Dövlət başçısının çıxışında Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yol, ölkəmizin son onilliklər ərzində əldə etdiyi nailiyyətlər, Azərbaycanın yeni siyasi və geosiyasi reallıqları, qarşıda duran mühüm vəzifələri geniş şəkildə diqqətə çatdırdığını xatırladıb.
Rayon Ağsaqqallar Şurasının sədr müavini Saleh Qurbanov isə qeyd edib ki, YAP-ın VIII Qurultayının Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi yeni reallıqlar şəraitində keçirilməsi onun mühüm xüsusiyyətlərindən biridir. “Prezident İlham Əliyev qarşıda duran vəzifələrdən danışarkən hərbi gücün daha da artırılmasının, milli birliyin qorunmasının və dövlət maraqlarının etibarlı şəkildə müdafiəsinin vacibliyini xüsusi olaraq qeyd etdi. Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndiyi, ölkəmizin regionda və daha geniş coğrafiyada mühüm siyasi və təhlükəsizlik amilinə çevrildiyini də diqqətə çatdırdı. Qurultayda səsləndirilən bu fikirlər Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunması və gələcək strateji hədəflərin müəyyənləşdirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyır”, - deyə o, əlavə edib.
Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra qarşıda duran əsas vəzifələrə də diqqət çəkib: “Qarabağ və Şərqi Zəngəzurun bərpası, əhalinin doğma torpaqlarına qayıdışı, iqtisadi reinteqrasiya və regionun yeni nəqliyyat-kommunikasiya imkanlarının formalaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu yöndə həyata keçirilən tədbirlər azad edilmiş ərazilərin dirçəldilməsinə, sosial-iqtisadi inkişafın sürətləndirilməsinə geniş imkanlar yaradır”.
Şəhid anası Sevda Şıxıyeva isə göstərilən dövlət qayğısından bəhs edərək, şəhidlərin xatirəsinin daim əziz tutulması, onların qəhrəmanlıq nümunələrinin gənc nəslə aşılanması və Vətən uğrunda göstərdikləri fədakarlığın gələcək nəsillərə çatdırılması istiqamətində aparılan işlərin təqdirəlayiq olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Vətən müharibəsi qazisi Ceyhun Əliyev, rayon Şəhid Anaları Xeyriyyə Mərkəzinin sədri Qızbəs Abbasova, Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Sevil Ələsgərova və Əməkdar müəllim Duman Mahmudova da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrlə bağlı fikirlərini bildiriblər. Xüsusi vurğulanıb ki, milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir. Bu amillər ölkəmizin əldə etdiyi nailiyyətlərin möhkəmləndirilməsi, strateji hədəflərə inamla irəliləməsi və gələcək nəsillər üçün daha güclü Azərbaycanın formalaşdırılması baxımından mühüm rol oynayır. Müşavirədə müəyyən edilən strateji hədəflərdən irəli gələn vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə icrasında birgə fəaliyyət və ictimai məsuliyyət olduqca vacibdir.
Müxbir – Vüsalə Cənnətova