×
A
A
A
Sazlamalar

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Oğuz, 14 oktyabr, AZƏRTAC
Oğuzda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələr müzakirə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Oğuz Rayon Mədəniyyət Mərkəzində keçirilən müşavirədən əvvəl Dövlət Himni səsləndirilib. Daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov vurğulayıb ki, dövlət başçısının müəyyən etdiyi strateji hədəflər, dövlətçilik prinsiplərinin və milli maraqların qorunması qarşıda duran əsas vəzifələrdəndir. O, ölkəmizdə ideoloji təhlükəsizliyin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinin gənc nəslə aşılanması və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılmasının vacibliyini də diqqətə çatdırıb. Qeyd olunub ki, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün aidiyyəti qurumlar arasında əlaqələndirilmiş fəaliyyət gücləndirilməli, mövcud imkanlardan səmərəli istifadə olunmalı və hər bir sahədə nəticəyönümlü iş prinsipi əsas götürülməlidir.
Oğuz Rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Yusubov ağsaqqalların gənc nəslin düzgün istiqamətləndirilməsində, cəmiyyətdə sağlam mənəvi mühitin formalaşdırılmasında və dövlət siyasətinin dəstəklənməsində roluna diqqət çəkib.
“Müasir biliklərə yiyələnən, müstəqil düşünən, informasiya mənbələrini düzgün qiymətləndirən və ölkəsinin tarixinə bağlı gənclərin yetişdirilməsi ideoloji təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır” – fikirlərini isə Oğuz rayonu üzrə Təhsil sektorunun müdiri Sərdar Nəbiyev səsləndirib. Sektor müdiri təhsil müəssisələrində dövlətçilik ideyalarının, milli-mənəvi dəyərlərin və vətənpərvərlik hisslərinin aşılanmasının vacibliyini qeyd edib.
Oğuz rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azad Əliyev aqrar sahənin inkişafı, kənd təsərrüfatında mövcud potensialdan səmərəli istifadə edilməsi və rayonun sosial-iqtisadi inkişafına töhfə verən tədbirlərin əhəmiyyətindən danışıb. Aqrar sahədə məhsuldarlığın artırılması, fermerlərə dəstəyin gücləndirilməsi və müasir yanaşmaların tətbiqinin kənd yerlərində iqtisadi fəallığın yüksəldilməsinə xidmət etdiyi vurğulanıb.
Oğuz Rayon Mərkəzi Xəstəxanasının tibb bacısı, şəhid bacısı Şükufə İbrahimova çıxışında şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının əhəmiyyətini qeyd edib. O, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu istiqamətdə əvəzsiz iş apardıqlarını, hər kəsə nümunə olacaq davranış sərgilədiklərini vurğulayıb.
Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi, Vətən müharibəsinin iştirakçısı Ceyhun Səmədzadə çıxışında şəhid ailələrinin və müharibə iştirakçılarının sosial məsələlərinin diqqətdə saxlanılmasının, onların müraciətlərinə həssaslıqla yanaşılmasının və müvafiq dəstək tədbirlərinin əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Bu istiqamətdə görülən işlərin davam etdirilməsinin dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğu bildirilib.
Yeni Azərbaycan Partiyasının gənc üzvü Rəqsanə Hüseynova isə çıxışında gənclərin ictimai-siyasi həyatda fəallığının artırılması, dövlətçilik prinsiplərinə sədaqət ruhunda yetişməsi və milli maraqların qorunmasında məsuliyyətli mövqe nümayiş etdirməsinin əhəmiyyətindən danışıb.

Müxbir - Rasim İslamoğlu

Regionlar 2026-10-14 21:48:00