


Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?
Bakı, 14 oktyabr, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan muğamı” layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, "Alətlərin hekayəsi – Tar nə deyir?” adlı konsertdə Azərbaycan milli musiqi alətlərinin zəngin səs dünyası, muğam sənətinin dərinliyi və musiqinin insan yaddaşı, zaman və ruhla bağlılığı bədii təqdimat vasitəsilə tamaşaçılara çatdırılıb.
Konsertdə “Çahargah” dəramədi, S.Ələsgərovun “Poema” əsəri, “Xaric-Segah” muğamı, “Şur” kompozisiyası, “Qarabağ”, “Dumanlı Təbriz” və digər musiqi nümunələri təqdim olunub.
Proqramda Xalq artisti Malik Mansurov, ifaçılar Elnur Mikayılov, Hüseyn Quliyev, Rəsul Hacızadə, Aygül Qədirova, Adəm Zərbalıyev, Cahandar Mikayılov və digər ifaçılar çıxış ediblər.
Bədii məzmunu və rəngarəng ifaları ilə seçilən konsert Azərbaycan milli musiqi irsinin yaşadılması, təbliği və gələcək nəsillərə çatdırılması baxımından əlamətdar olub.